«Partizan»la Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin Belqraddakı cavab qarşılaşmasını da xatırlasaq, «Sabah»ın qələbəsiz oyunlar seriyası artıq səkkizə çatıb.
Premyer Liqada itirilən xalların sayı kifayət qədərdir, «limit»i çoxdan keçiblər.
Bundan sonra çempionluq barədə nəğmələr qoşulmayacaq yəqin. Yersiz görünər. Yenidən liderlər qrupuna dönmək, gümüş-medala iddia etmək isə mümkündür.
Tarixində ikinci dəfə avrokuboklara qatılmaq naminə minbir məşəqqətə dözmək da lazım gələcək.
Murad Musayev sakitləşib sanki. Sizə də elə gəlir, deyilmi?
Day özünə əl qatmır, kirimişcə dayanır yerində və meydandakıları seyr edir.
Bu, rusiyalı baş məşqçinin komandanın durumu ilə barışması kimi anlaşılmalıdır.
Bir qarğış, bir nifrin dolanır «Sabah»ın başı üzərində. İnanıram buna. «Sabah»ın qapısında gördüyü qollara başqa cür anlam verə bilmirəm.
Ağıl almaz hadisələr yaşanır hər həftə. Gah qapıçılar, gah da meydan oyunçuları elə xətalar edir ki…
Qəsdən bu səhvlərə yol verdiklərini fikirləşmirəm.
Sanki qeyri-adi qüvvələr bu futbolçuları öz cinginə alıb və götürür aparır, əl çəkmək də istəmir.
Amin Seydiyev, Aleksey İsayev və Anatoli Nuriyev - yoldaşları onlardan ibrət, nümunə götürsün.
Digərlərinin bu üçlük kimi meydanda can qoymasını görən gün «Sabah»ın qayıdışını elan edəcəm.
MUSA

