“Sabah”ın futbolçusu Jarl Marqarita Sportinfo.az-a müsahibə verib.
23 yaşlı niderlandlı yarımmüdafiəçi “Səbail”lə oyunda (2:2) ortaya çıxan sualları cavablandırıb.
- Hesabda öndə idiz. Qalib gəlməyinizə nə mane oldu?
- Bizi yaxşı komanda ilə çətin səfər oyununun gözlədiyini bilirdik. Gözlədiyimiz kimi də oldu. Hər iki komandanın fərqlənmək üçün imkanları var idi. Qələbə qazanmağımıza nə mane oldu? Fikrimcə, biz daha çox qol vurmalı, əvəzində rəqibə fərqlənmək imkanı verməməliydik. Bu matçda iki dəfə fərqlənsək də, rəqibin qol vurmasına əngəl ola bilmədik. Sonda 1 xalla kifayətlənməli olduq.
- Oyunun ədalətli nəticəsi heç-heçə idi, yoxsa?
- Düzü, mən belə düşünmürəm. Yaxşı imkanlarımız var idi. Meydana qələbə üçün çıxmışdıq. Düzdü, rəqib də yaxşı mübarizə apardı, onların da imkanları oldu. Amma fikrimcə, biz bu oyundan qalib ayrıla bilərdik. Oyunun sonlarında hesabda önə də keçdik. Təəssüf ki, qələbə hesabını qoruyub saxlaya bilmədik.
- “Sabah”ın topladığı xallar və turnir cədvəlindəki mövqeyi ürəkaçan deyil. Azarkeşlər nə vaxt arzuladıqları “Sabah”ı görəcək?
- Təbii ki, komandada hamı çox çalışır və yenidən qalib gəlməyimiz, uğurlu nəticələr qazanmağımız üçün əlindən gələni edir. Azarkeşlərimiz qələbəyə sevinməyə layiqdir. İnanıram ki, qarşıdakı oyunlarda azarkeşlərimiz əsl "Sabah"ı görəcək. Və onları yenidən qələbə ilə sevindirəcəyik.
HƏBİB

