“Sabah”ın “Ximki”nin yarımmüdafiəçisi Ayaz Quliyevlə anlaşdığını xəbər vermişdik.
Bir müddətdir Rusiya 1-ci liqa təmsilçisində fərdi proqram üzrə məşq edən həmyerlimiz Azərbaycana dəvət olunub.
“Ximki” onun transferi ilə bağlı “Sabah”ın təzminat təklifini dəyərləndirib. Quliyevin özü də şəxsi müqavilə şərtlərini razılaşdırıb,
AFFA-nın uzun illərdir milliyə də cəlb etmək istədiyi A.Quliyev sonuncu dəfə iyulun 17-də Birinci Liqanın 1-ci turunun "Tümen"lə oyununda (1:3) “Ximki”nin heyətində meydana çıxıb.
Daha əvvəl "Neftçi"nin azərbaycanlı futbolçunun transfer edəcəyi xəbəri yayılmışdı. Ancaq təzminat məsələsində klublar razılığa gəlməmişdi.
Ayaz “Sabah“ın təklifindən öncə “Baltika“ və “Fakel“dən dəvət alıb. Rusiya premyer liqasında mübarizə aparan iki klub onu icarəyə götürmək məqsədilə “Ximki“yə rəsmi məktub ünvanlayıb.
Di gəl, orta sahə oyunçusuna əsas heyətdə daim yer alacağına dair zəmanət verilmədiyindən, Azərbaycandan gələn çağırışı müsbət qarşılayıb.
Tərəflər arasında həllini gözləyən bir neçə məsələ dünən tam həllini tapıb. Futbolçu maliyyə şərtlərində yumşalmaya gedib.
Oxşar mənzərə bir müddət əvvəl Ayazla "Neftçi" arasında yaşanmışdı. Son anda tərəflərin ortaq nöqtə tapmaması üzündən keçid baş tutmamışdı.
Orta xətt oyunçusunun son klubu "Ximki"dir. Buna kimi isə Azərbaycan əslli yarımmüdafiəçi "Spartak", "Anji", "Rostov", "Arsenal" (Tula) klublarında çıxış edib.
SPORTİNFO.AZ

