Azərbaycanda işləyən baş məşqçiyə cadu-piti ediblər?

22 Avqust 2023 19:00 Sabah 580
Azərbaycanda işləyən baş məşqçiyə cadu-piti ediblər?

Murad Musayevin «Neftçi» ilə qarşılaşmada aldığı qırmızı vərəqə…

Səhv etmirəmsə, bu, onun son 1 ildə gördüyü yeddinci «qırmızı»dır.

Çox deyil? Əlbəttə! Əlli ildir dünya futbolunu izləyirəm, bu qədər texniki zonadan uzaqlaşdırılan ikinci məşqçi tanımıram. Nə görmüşəm, nə də eşitmişəm.

Musayev özünü burada Bağdadın kor xəlifəsi kimi aparır. Heç cür özünə çəki-düzən vermir, belə deyim, ağır oturub batman gəlmir.

Gül kimi komandanın baş məşqçisidir, nə ehtiyac var, topu kənara vurub rəqibin mümkün hücumunu ləngitməyə?

Özünə hörmət edən hansı məşqçi belə hərəkətə yol verər? Deyəsən, dostları Murad Musayevin qulağına pıçıldayıb ki, buralar sənlikdir, istədiyini edə bilərsən.

Ya da ki, psixoloji gərginlik içindədir. Bir ildə 7 dəfə «qırmızı» alan baş məşqçi, görəsən, bircə dəfə həkim qapısını döyübmü?

«Sabah» yaxınlarda avrokuboklarda mübarizə apardı. RFŞ və «Partizan»la Konfrans Liqasında üz-üzə gəldi. Üst-üstə dörd oyun keçirdilər.

Bu qarşılaşmalar gərginliyinə görə Premyer Liqanı kölgədə qoydu. Maraqlıdır, Musayev belə təzyiq qarşısında təmkinini pozmadı, komandasını sakitcə idarə etdi.

Birinin üstünə qışqırmadı, asıb-kəsmədi, bozarmadı. RFŞ və «Partizan»la oyunlarda gördüyümüz Musayev sanki tamam başqa adam idi.

Vallah, mən cadu-pitiyə inanan deyiləm. Amma Musayevin Premyer Liqa oyunlarındakı davranışını hər dəfə müşahidə edəndə, ağlımdan bir ətək sual gəlib keçir - bəlkə bədəninə cin daxil olub? Bəlkə onun pal-paltarına qurd yağı sürtüblər?

Baş açmaq olur ki heç…

BİZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti