"Sabah"ın Konfrans Liqası II təsnifat mərhələsinin Serbiya "Partizan"ı ilə keçirəcəyi cavab matçının vaxtı və hakimləri məlumdur.
Qarşılaşma bu axşam Belqraddakı "Partizan" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi baş hakimi Bartoş Frankovski olacaq. Ona yan xətt hakimləri Marçin Bonek və Yakub Vinkler kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Patrik Qritskeviç yerinə yetirəcək.
36 yaşlı ədalət təmsilçisi azərbaycanlı futbolsevərlərə yaxından tanışdır.
2014-cü ildən beynəlxalq oyunlara təyinat alan polşalı referinin yolu bizimkilərlə bir neçə dəfə kəsişib.
2017-ci ildə əsas millilər arasında keçirilən Norveç-Azərbaycan duelində dördüncü hakim funksiyasını daşıyıb və bizimkilərin 0:2 hesablı məğlubiyyətinə sahidlik edib.
Azərbaycanlılarla yolu növbəti dəfə 2019-cu ildə kəsişib. Məhz “Qarabağ”ın oyununda. Ağdamlılar Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində səfərdə “Dandalk”la üz-üzə gələndə, polşalı referi meydanda əsas söz sahibi olub. İrlandiyadakı duel 1:1 hesabı ilə başa çatıb.
Və unudulmaz “Qarabağ” – “Marsel” oyunu. Bu qarşılaşmanı unudulmaz edən oyunun 34-cü dəqiqəsində yaşanan epizod idi.
“Qarabağ”ın hücumçusu İbrahima Vadji topu aşkar şəkildə əllə qapıdan keçirsə də, polşalı hakim qolu qeydə alıb, mərkəzi göstərmişdi. Qonaq komandanın futbolçularının etirazına baxmayaraq, Frankovski fikrində qəti idi.
Həmin an Qurban Qurbanov Vadjini yanına çağırıb, futbolçusundan qolun bilərəkdən əllə vurub-vurmadığını soruşandan sonra “Qarabağ”lılar Frankovskidən qolun hesaba alınmamasını xahiş etmişdi. Nəticədə top hesaba alınmamışdı ki, bu hadisə dünyaya səs salmışdı.
Yeri gəlmişkən, Bartoş indiyə qədər “Partizan”ın iki oyununda iş başında olub. Lakin əsas yox, dördüncü hakim kimi. Serblər heç bir halda məğlub olmayıb.
ƏBİBH / SPORTİNFO.AZ

