Məşhur serbiyalıdan ŞOK AÇIQLAMA: “Sabah”ın mərhələ adlamasını istəyirəm”

17 Avqust 2023 21:00 Sabah 1 420
Məşhur serbiyalıdan ŞOK AÇIQLAMA: “Sabah”ın mərhələ adlamasını istəyirəm”

“Sabah”ın “Partizan”la ilk oyununa baxa bilmişdim. Ertəsi “Srvena Zvezda” ilə oynayırdıq deyə, imkan yox idi”.

Uzun illər ölkəmizdə legioner həyatı yaşamış, hazırda vətəni Serbiyada “Mladost Luçani”nin şərəfini qoruyan Saşa Stamenkoviç Sportinfo.az-a “Sabah”la “Partizan” arasında baş tutacaq oyunla bağlı danışıb.

Vaxtilə “Sabah”ın sıralarında olan və bu komandanı yaxından tanıyan təcrübəli qolkiper Bakıda təmsilçimizin 2:0-lıq qələbəsi ilə başa çatan oyunun nəticəsinə təəccüblənməyib:

“Qətiyyən təəccüblənmədim. Çünki, “Partizan”ın durumundan xəbərdaram. Klubda və komandada vəziyyət yaxşı deyil. Oyundan əvvəl Serbiya mətbuatına açıqlamamda demişdim ki, “Sabah” “Partizan”ı udacaq.

Həmin vaxt sözümü ciddiyə almamışdılar, məni lağa qoyurdular. Oyundan sonra şoka düşmüşdülər. Dost-tanış mesaj yazıb, zəng edib soruşurdu ki, belə olacağını hardan bilirdin?”

“Partizan”a yaxından bələd olan Stamenkoviç Belqradda bizimkilərin işinin çətin olacağını qeyd etməklə yanaşı, “tələblər”i diqqətli olmağa çağırıb:

“Açıq danışaq, Belqradda “Sabah” əziyyət çəkəcək. “Partizan”ın zəngin avrokubok təcrübəsi var ki, çətin vəziyyətlərdən çıxmağı bacarır. Digər tərəfdən, öz azarkeşlərinin qarşısında və doğma meydanda ikiqat motivasiya ilə çıxış edəcək.

2:0 hər nə qədər sərfəli hesab olsa da, bir o qədər təhlükəlidir. “Sabah” 1 qol vursa, növbəti mərhələyə adlayacaq, buna tam əminəm. “Sabah” ilk oyunda səviyyəsini ortaya qoymaqla mərhələni adlamağa iddialı olduğunu göstərdi”.

Azərbaycanda çıxış etdiyi 8 il ərzində 2 dəfə ölkə çempionu olub, 2 dəfə ölkə kubokunu başı üzərinə qaldıran serbiyalı qapıçı cavab görüşündə azarkeşlik edəcəyi komandanın adını açıqlayıb:

“Hansı hesab qeydə alınır alınsın, mən “Sabah”ın mərhələ adlamasını istəyirəm. Əminəm ki, Azərbaycanda ən yaxşı məşqçilərdən hesab olunan Murad Musayev bunu bacaracaq.

Bu cür oyunlarda taktika və strategiya olduqca önəmlidir. Musayev rəqibi “oxumağı” və oyun qurmağı yaxşı bacarır”.

38 yaşlı Saşa “Mladost Luçani”nin heyətində cari mövümdə Serbiya çempionatının startında 3 oyunun hamısında forma şansı qazanıb.

Avqustun 17-də keçiriləcək “Partizan” – “Sabah” qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti