Konfrans Liqasında qrup mərhələsinə vəsiqə qazanmağı hədəf seçən “Sabah” bu gün “Partizan”ın qonağı olacaq.
Serbiya nəhəngini Bakıda məğlub edən “tələbələr” səfərdən sərfəli nəticə ilə qayıtmaq niyyətindədir.
“Partizan”ın doğma meydanda, çılğın fanatlarının qarşısında inamlı təsir bağışladığını nəzərə alsaq, təmsilçimizin işinin çətin olacağı sirr deyil.
Lakin “qrobari” Belqradda heç də keçilməz deyil.
Statistikaya nəzər salanda, “Sabah”ın rəqibinin serbiyalı azarkeşlərin gözləri önündə büdrədiyini görmək mümkündür.
“Partizan” avrokuboklarda son 3 ildə eyniadlı stadionda keçirdiyi oyunların heç də hamısını qələbəylə başa vurmayıb. Düzdür, qalibiyyət sayı çoxdur. Lakin məğlub olduğu və bərabərə qaldığı matçların sayı da kifayət qədərdir.
Partizan – Soçi (Rusiya) 2:2
Partizan – Gent (Belçika) 0:1
Partizan – Anortosis (Kipr) 1:1
Partizan – Feyenoord 2:5
Partizan – AEK Larnaka 2:2
Partizan – Nitsa (Fransa) 1:1
Partizan – Slovaçko (Çexiya) 1:1
Partizan – Şerif (Moldova) 1:3
Serbiya nəhəngi son 3 ildə öz meydanında keçirdiyi 17 oyunun 8-də qələbə istəyinə çata bilməyib. “Partizan” stadionunda avrokuboklarda son 3 qarşılaşmada isə, ümumiyyətlə, qalibiyyət üzünə həsrətdir.
Bu axşam keçiriləcək “Partizan” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

