Niyə belə eqoistik? Təbii ki, istisnalar qaydanı pozmur.
Bir şəxsin, bir təşkilatın, bir klubun qabağa getməyin istəmirik.
Balta əlimizdə qapıda durmuşuq. Birdən kimsə bizdən və ya bizim mənafeyimizə xidmət edən klubdan bir addım qabağa gedər. Olmaz!
Məsələn, illərdi Avropada ölkəmizi layiqincə təmsil edən "Qarabağ"a son illərə qədər nələr deyilməyib ki? Dövlət layihəsi adlandıran kim, daxili yarışlarda dəstək gördüyünü iddia edən kim.
Bircə qalmışdı FİFA, UEFA rəsmilərin Ağdam təmsilçisinin rəhbərliyi ilə qohum çıxarmaq. Uğurlar stabillik qazandıqca boş, çürük iddialar da tarixin zibilliyinə qərq olub getdi.
İndi də keçiblər "Sabah"a. Yazıq klubun adına qoşulmayan "vedrə" qalmayıb. Yadımdadı ötən yay iddia edirdilər ki, bu klubu çempion edəcəklər. Kim?
O qədər ad çəkirlər ki. Olmadı! Hazırda da oxşar iddia az deyil. Hələ ciddi uğurlar qazanılmayıb, amma indidən tənələr, ləkələr hazırdı.
Nədi-nədi Peşəkar Futbol Liqası komandanın Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Partizan"la səfərdəki vacib oyunun nəzərə alaraq "Sumqayıt"la çempionat matçını təxirə salıb.
Təbii ki, məqsəd klubun Belqraddakı görüşə daha yaxşı hazırlaşması, evdəki 2:0-lıq münasib üstünlüyü qorumasıdır. Burada qəbahət nə var?
Qurum nə pis iş görüb? Sonucda "Sabah" Azərbaycanı təmsil edir. Tutaq ki, hansısa qaydalar pozulub. Dünya dağılıb? Buna görə etiraz etməli tək tərəf "Sumqayıt" olmalıdır. Onlar da sağ olsunlar, təklif gələn kimi razılıq veriblər.
Məncə, bu addımına görə PFL-i də qınamaq yox, alqışlamaq lazımdır.
Hətta öz iradəsi çərçivəsində verilən qərar olmasa belə.
XANOĞLAN / SPORTİNFO.AZ

