“Sabah”ı ötən mövsüm çiyinlərində daşıyan iki sima vardı – Aleksey Kaşuk və Con Leys Mikels.
Ukraynalı 33 oyunda 16 qol, 10 asistlə yadda qalmışdı.
Almaniyalı vingerin isə adında 38 matçda 17 qol, 11 asist olub.
Bu, ötən sezon “Sabah”ın vurduğu 75 qolun yarıdan çoxundan birbaşa iştirak etmək deməkdir.
Statistika göstərir ki, hər iki fiqur da Masazır klubu üçün əvəzedilməzdir.
Elə ictimaiyyətdə də çoxluq düşünürdü ki, onlarsız “Sabah” bir heçdir. Haqqlı əsaslar da vardı. Hər halda, ən azından yuxarıdakı rəqəmlər əldə ciddi fakt sayıla bilər.
2022/23 mövsümü başa çatan kimi Ukrayna “Şaxtyor”una məxsus olan Kaşuk düçərgəni tərk etmişdisə, Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Partizan”la ilk matçından 1 gün əvvəl isə Mikelsin oynamaq istəmədiyi məlum oldu.
Ərəblərdən yaxşı təklif alan 27 yaşlı legioner getmək fikrində qərarlıdır.
Kaşukdan sonra ümid ona idi. O da gedirsə, deməli, baş tutmağa, fikir çəkməyə yeri var.
Amma serblərlə oyun yeni bir həqiqəti üzə çıxardı.
Belqrad təmsilçisini adıçəkilən iki fiqurun yoxluğunda belə Murad Musayev mat qoymağı bacardı.
Deməli, rusiyalı çalışdırıcı qısa müddətdə Bakı klubunda bir mexanizm yarada bilib.
Fərdlərdən asılı olmayan mexanizm.
Bu gün Kaşuk yoxdu, Mikels yoxdur. Sabah Aleksey İsayev də gedə bilər, amma sistem, oyun modeli yerindədir. Hətta daha da komplektləşmiş formada.
Bu gün “Sabah”da gənc Ceyhun Nuriyev, ehtiyat qüvvə Tellur mütəllimov meydana çıxsa da sistem pozulmur.
Musayevin fəlsəfəsi buna imkan vermir.
Onun fəlsəfəsinə uyğun olmayan futbolçu onun komandasının ehtiyatına da yaraya bilməz.
Adları itirmək/bərpa etmək olar, ancaq dəsti-xətti əsla.
Əcnəbi çalışdırıcı qurub-yaratdığı modeli qoruya bilsə/inkişaf etdirsə, bu “Sabah”ın qarşıda belə parlaq qələbələri hələ çox olacaq.
XANOĞLAN / SPORTİNFO.AZ

