Musayev gedəcək, bu futbolçular qalacaq

13 Mart 2023 19:00 Sabah 2 598
Musayev gedəcək, bu futbolçular qalacaq

Ardıcıl iki məğlubiyyətdən sonra eyni sayda qələbə «Sabah»ı nisbətən özünə gətirib.

Nisbətən, tam deyil hələ.

Əsas problem qalmaqdadır və güman ki, Murad Musayev yay transfer bazarında diqqəti birinci növbədə buna yönəldəcək.

Nədir o problem? Müdafiə, müdafiə, yenə də müdafiə! Rusiyalı çalışdırıcı tez-tez rotasiya etməyi xoşlamır.

Bəlli bir oyun sxemi, oyun anlayışı var, ondan kənara çıxmağa həvəs və maraq göstərmir.

Arxa xətt Musayevin yaralı yeridir və biz baxırıq ki, o, bu istiqamət üzrə axtarışlardan usanmır.

«Sumqayıt»la qarşılaşmada nə Bəxtiyar Həsənəlizadə gözə dəydi, nə də Abdullaye Ba. Fəqət, «Sabah»ın müdafiə zonası yepnə kobud mövqe səhvləri ilə yadda qaldı.

İkinci hissənin əvvəlində, qonaqlar hesabı bərabərləşdirmək üçün kifayət qədər imkan yaxaladı.

Belə epizodların birində fərqlənsəydilər, «Sabah»ın xal itirmək ehtimalı yüksələcəkdi. Hər mənada yaxşı qurtardılar.

Seymur Məmmədov və Camal Cəfərov - bu adları bir yerə yazın, ya da yadda saxlayın. Murad Musayev günlərin birində gedəcək, Seymurla Camal Azərbaycana qalacaq.

«Krasnodar»ın sabiq çalışdırıcısının iki yerli gəncə şans verməsi, Məmmədovun da fürsətdən yararlanaraq qol vurması xoş mənzərə oldu.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti