Murad Musayevun axtarışları bitməyib.
Rusiyalı mövsümün ən qızğın çağında rotiasiyalardan imtina etmir.
Bu, onun nəyinə lazımdır? Güman ki, əksər futbolçuların həftəlik performansı baş məşqçinin ürəyindən xəbər vermir.
«Kəpəz»lə qarşılaşmada da tanış ssenari önümüzə çıxdı. Düzdür, Abdulaye Banın zədəyə görə kənarda qaldığı deyildi, lakin bu, inandırıcı görsənmir.
Seneqallı müdafiəçi qeyri-sabit çıxış edir, iradları isə qulaqardına vurur.
Eşitdiyimizə görə, afrikalı legioner oyunların təhlili zamanı ünvanına səslənən tənqidlərə qeyri-adekvat reaksiya verir, bu da Musayevin xoşuna gəlmir.
«Krasnodar»ın sabiq çalışdırıcısı hücum futbolunun alternativini görmür. Musayev hesab edir ki, ayrı-ayrı futbolçuların xaotik oyunu komandanın ümumi məqsədlərə doğru irəliləyişini bəzən ləngidir.
«Şamaxı», «Turan Tovuz» və «Kəpəz»lə qarşılaşmalara bu prizmadan yanaşmasına əminəm. Baxıb görmək istədi ki. yayda kimləri göndərsin, kimləri düşərgədə saxlasın.
Musayev bəlkə də daxilən rahatdır, ikinci pilləni istənilən halda özlərində saxlayacaqlarına şübhə eləmir. Hazırkı məqamda bu, bir qədər də təhlükəli yanaşmadır.
Ardıcıl xal itkiləri «Neftçi»nin onlarla fərqi «əritməsinə» səbəb olub. «Sabah» yenə heç nədən sığortalanmayıb, rusiyalı nəticəyə söykənən oyun formuluna keçid eləsin - ehtiyat igidin yaraşığıdır.
KAMİL

