Cəmi iki tur əvvəl “Sabah”ın çempionluq şansından danışırdıq. Bu gün isə ikinci pilləni qoruyub-qorumayacağın müzakirə edirik.
Həqiqətən, “Turan Tovuz” və “Şamaxı” məğlubiyyətləri yeni reallıqlar yaradıb.
Digər klublar üçün yaxşı imkanlar açılıb.
Bəs, “Sabah” necə olacaq?
Bəli, bu komandanın başının üzərini qara buludlar alıb. Amma nə daxildə çaxnaşma var, nə də oyun sixemindən, dəsti-xəttindən uzaqlaşmaq.
Aşağı-yuxarı 3 tur əvvəl komanda necə çıxış edirdisə, indi də elə oyun göstərir.
Sadəcə, özgüvən bir qədər azalıb. “Hörmətli” hakimlər sayəsində.
Elə yuxarıda bəhs etdiyim qara buludlar da hakimlərin yalnış qərarlar toplusundan ibarətdir.
Ruhun halı insan həyatında çox vacibdir. Ruhu təmiz olanın, istəyi, enerjisi də başqa olur.
Məsələn, insan çalışdığı yerdə bir haqqsızlıq görəndə istər-istəməz mənəvi sınır, yorulur, bezir. Həvəsi, istəyi eyni olmur.
Həmin insandı, həmin bacarıqdır. Lakin ruhu o deyil. İstəsə də görməli olduğu işi eynisi ilə yerinə yetirə bilmir.
Bugünkü “Sabah”ın da ruhunu hakim haqqsızlıqları zədələyib. “Qarabağ”la, “Şamaxı” ilə oyunlarda Masazır komandasının elə təmiz penalları verilmədi ki...
Əminəm ki, o epizodlarda hamımız deyindik. "Bu hakim nə etmək istəyir” – deyə üsyan etdik.
Qərarlara heç bir izah tapa bilmədik.
Aramızda "belə futbola baxmasaq yaxşıdır” deyənlər də az olmadı.
Əgər bir jurnaslit, bir azarkeş də belə qərarlardan sonra futboldan küsürsə, futbolçu niyə küsməsin?
Həftələrlə qidana diqqət et, özünə əziyyət ver, məşqlərdə tər su yerinə axsın və sonda da haqqın yeyilsin.
Belədə rəsmilər də, məşqşilər korpusu da durumu düzəltmək üçün çarəsiz qalır.
Axı ruhun halı korlanıb. Onu isə yalnız ədalət əvvəlki halına qaytara bilər. Ümid edək ki, qarşıdakı turlar hakimlər öz ədalətini unutmaycaq. “Sabah” üçün...
XANOĞLAN İMANOV

