“Sabah” hesabat turunda növbəti yenilgi ilə üzləşdi.
Bir həftə əvvəl doğma meydanda “Turan Tovuz”a boyun əyən (0:2) “tələbələr” bu dəfə Şamaxıda yerli komandaya uduzdu – 1:2.
Oyun başa çatandan sonra “Sabah”ın futbolçularının üzgünlüyünü başa düşmək olardı.
Futbolçuların əksəriyyəti, xüsusən də legionerlər ardıcıl yenilgilərlə bağlı münasibət bildirməkdən boyun qaçırsa da, komandanın aparıcı futbolçularından olan Bəxtiyar Həsənalızadə Sportinfo.az-a fikirlərini bildirdi:
“Turan Tovuz”a məğlubiyyətdən sonra səhvlərimizi təhlil edib bu oyuna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, son dərəcə diqqətli olmaq lazımdır.
“Şamaxı” ilə öncəki iki oyunumuz çətin keçmişdi. Birində son dəqiqə qolu ilə qələbə qazanmışdıq, digərində heç-heçə qeydə alınmışdı.
“Şamaxı” bizim üçün çətin rəqibdir. Bu dəfə də qapalı oynamaqla işimizi çətinləşdirdilər.
Tək “Şamaxı”yla deyil, qapalı futbol sərgiləyən komandalarla matçlarda çətinlik çəkirik. Rəqib böyük qüvvə ilə müdafiə olunur deyə, qol imkanlarımız az olur.
Vəziyyət acınacaqlı deyil. İkinci pillədəyik və qarşıda çox oyunlar olacaq. Vaxtında səhvlərdən nəticə çıxarmalıyıq ki, növbəti görüşlərdə itirdiyimiz xalları sığortalaya bilək”.
Sonuncu dəfə 21-ci turda “Səbail”i 4:0 hesabı ilə məğlub edən “Sabah” 3 turdur qələbəyə həsrət qalıb. Murad Musayevin çalışdırdığı kollektiv 53 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb.
HƏBİB

