
«Qarabağ» Çempionlar Liqasında xaruqələr yaratmaqda, önünə gələni sel kimi silib-süpürməkdə davam edir.
İki tura 6 xal toplayıb bizim «köhlən atlar», təsəvvür edirsiz?!
Ağlımıza gəlməyən başımıza gəlir, yaxşı mənada.
Dünən «Benfika», bu gün «Kopenhagen»… Ümumi sıralamada altıncı yerdəyik.
«Benfika» üzərində tarixi qələbədən sonra dünya «Qarabağ»dan danışırdı. «Kopenhagen» zəfəri ilə yenə danışacaqlar. «Qarabağ» daha bir-iki həftə dünya trendində qalacaq.
Futbolda heç nə elə-belədən olmur, hər uğurun arxasında böyük əziyyət dayanır. Bu, bir nəfərin zəhməti deyil.
Bu, Qurban Qurbanovun timsalında onlala insanın gördüyü işin qarşılığıdır. Bəli, Allah bəndəsinin axıtdığı tərin qarşılığını verir.
O yerdə ruzi, bərəkət olmur ki, halallıq itir. O yerdə ruzi və bərəkət olur ki, əliəyrilər meydan sulamır.
«Qarabağ»ın rəhbərliyi də, baş məşqçisi də bu kimi nüanslara həmişə həssasiyyət göstərib. Bu üzdəndir ki, uca Tanrı hər il bərəkəti başlarından tökür.
Klublara baxın, hansı birində qarğışın, nifrinin baş alıb getməsinin fərqinə varacaqsız.
Nəticilər il-ildən pis gəlirsə, bunda ilahi bir hikmətin təzahürünü görəcəksiz. Nə tökərsən aşına, o da çıxar qarşına!
Zərrə qədər pislik də etsin, yaxşılıq da etsən, qarşına çıxacaq. Futbol da özlüyündə bir dünya, bir həyatdır.
Gördüyün iş bumeranq olaraq sənə qayıdacaq.
«Qarabağ»ın tərəzi düz çəkdiyi üçün bugünlərə yetişib, adını dünyaya duyurub.
Gərək ağlı başında olan heç bir klub funksioneri o mizanı görməzdən gəlməsin, tamahına, nəfsinə hakim kəsilə bilsin. İkinci, üçüncü, dördüncü «Qarabağ» olmaq üçün.
MUSA