
Çempionlar Liqasının Liqa mərhələsinin II turunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" (Danimarka) oyununun hakim təyinatları açıqlanıb.
Sportinfo.az xəbər verir ki, qarşılaşma Niderlanddan olan hakimlər briqadasına tapşırılıb.
Matçın baş hakimi türk əsilli Serdar Gözübüyük olacaq. Ona yan xətdə Ervin Zeynstra ilə Patrik İnya kömək edəəcək. Dördüncü hakim funksiyasını isə Yannik Van Der Laan yerinə yetirəcək.
Oktyabrın 29-da 40 yaşı tamam olacaq hakim Eredeviziyanın təcrübəli isimlərindən hesab olunur. Qürbətçi türk 2010-cu ildən Niderlandın yüksək liqa matçlarına təyinat alır. Bundan 2 il sonra isə FİFA və UEFA-nın bayrağı altında keçirilən yarışlarda görünməyə başlayıb.
Eredeviziyada 324 oyunda fit çalan ədalət təmsilçisi avrokuboklarda 70 matçda iş başında olub.
Maraqlıdır ki, bu oyunların heç birində meydanda Azərbaycan təmsilçisi mübarizə aparmayıb. Bakıya səfər etməməsi bir yana, səfər qarşılaşmalarında belə bizimkilərin oyundakı hərəkətlərinə nəzarət etməyib.
Əvəzində, “Kopenhagen”dəkilər onu yaxından tanıyır. Həm də necə? Ayağı düşərli hakim kimi.
İlk dəfə 2017-ci ildə Avropa Liqasının qrup mərhələsində “Kopenhagen” öz meydanında “Şerif”lə qarşılaşanda Gözübüyük meydanda yaşananları gözdən qaçırmamağa çalışıb.
70-ci dəqiqədə “Şerif”in braziliyalı futbolçusu Jayroya qırmızı vərəqə göstərən referi 9 dəqiqə sonra Danimarka təmsilçisinin qapısına penalti təyin edib, Badibanqa şansı boşa verib. Gərgin keçən qarşılaşmanın sonunda “Qarabağ”ın hazırkı rəqibi 2:0 hesablı qələbəyə sevinib.
“Kopenhagen”lə Serdarın növbəti tanışlığı 2 il əvvəl təsadüf edib. Bu dəfə Çempionlar Liqasının III təsnifat mərhələsində.
2025-cü ilin avqustun 8-də “Kopenhagen”lə “Sparta Praqa” arasında Danimarkada keçirilən görüş qolsuz başa çatıb. Çexiyadakı cavab matçı niderlandlı hakim idarə edib ki, oyun 3:3 hesabı ilə başa çatıb. Sıra penalti zərbələrinə çatanda, “Kopenhagen” dəqiq zərbələr hesabına (4:2) pley-offa yüksəlib.
Ümid edək ki, Serdar Gözübüyük Bakıdakı qarşılaşmada yaşananlara vaxtında və doğru qərar verməklə stadiona toplaşan azərbaycanlı futbolsevərləri sevindirəcək.
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" oyunu saat 20:45-də başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ