
“Qarabağ”ın legioneri Aleksey Kaşuk İspaniyadan təklif almasından xəbərdarsız.
Ukrayna mətbuatı 25 yaşlı vingeri heyətinə qatmaq istəyən klubun adını açıqlayıb.
“Xsport.ua” saytı La Liqada mübarizə aparan “Valyadolid”in ukraynalı yarımmüdafiəçini icarəyə götürmək istədiyini yazıb. “Qarabağ” isə bu təklifdən imtina edib.
Kaşukun aldığı son dəvət barədə ilk xəbər bizim saytımıza məxsusdur. İyunun 30-da tirajladığımız informasiyada bir sıra məqamları açıqlamışdıq ().
Onun getməsini Qurban Qurbanov istəməyib. Baş məşqçi səbəbkarın diqqətinə çatdırıb ki, ona inanır və özünü göstərərsə, gələn mövsüm daha çox şans qazanacaq.
Digər tərəfdən, “Valyadolid”in icarə şərtləri “Qarabağ”ın istəkləri ilə üst-üstə düşməyib. Məşhur braziliyalı əfsanə Ronaldonun sahibi olduğu klub kifayət qədər aşağı təzminat təklif edib. Məbləğ o qədər az olub ki, hətta futbolçunun özü buna təəccüblənib.
Kaşuk 2024-cü ilin sentyabrında “Şaxtyor”la (Donetsk) müqaviləsi bitdikdən sonra azad agent statusu ilə “Qarabağ“a gəlib. “Köhlən atlar“ 25 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalayıb.
Aleksey 2019-2022-ci illərdə icarə əsasında ölkəsində “Mariupol”un, 2022-2023-cü il mövsümündə isə Azərbaycanda “Sabah”ın formasını geyinib.
Ukraynanın aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının qalibi olub.
Ötən mövsüm “Qarabağ”ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
SPORTİNFO.AZ