Qurban Qurbanov kimlərin getməsini, kimlərin qalmasını istəyir?

31 Mart 09:50 Qarabağ 9 889
Qurban Qurbanov kimlərin getməsini, kimlərin qalmasını istəyir?

«Qarabağ» son 11 ildə 10-cu dəfə çempionluq taxtına əyləşdi.

2024-ü tam əminliklə Qurban Qurbanovun ən asan ili adlandıra bilərik.

Mövsümün başa çatmasına 8 tur qalmış belə bir uğur ilk dəfə qeydə alındı.

Rəsmi hissə bitdi bununla. Qaldı bədii bölüm.

Bu da qarşıdakı 2 ay ərzində davam edəcək. Qurban Qurbanov önümüzdəki zaman kəsiyini də boş keçirməyəcək.

Mən onu yaxşı tanıyıram. Əlini yanına salıb, yayın gəlişini gözləməyəcək.

Bu iki ayda ehtiyat oyunçulara daha çox şans verəcək. Praktika qazanmaları və özünün də saf-çürük etməsi üçün.

Kimləri saxlasın, kimləri göndərsin deyə. Yüz faiz, onların hamısı gələn mövsümü burada keçirməyəcək, yayda yola salınacaq.

Onlar neçə nəfər olacaq, Qurbanov bax bunu aydınlaşdırmağa çalışacaq.

Digər tərəfdən, baş məşqçini iki aylıq əsəbi dönəm gözləyir. Avropa Liqasında 1/8 final mərhələsinədək irəliləmiş «Qarabağ»dan danışırıq, futbolçularına talib çıxan çoxdur.

Birinci sırada Juninyo gəlir, sonra da digərləri. Qurbanov «açıq qapı» aksiyası keçirsə, biri də boşda qalmaz, ertəsi gün hərəsi Avropanın bir klubuyla müqavilə bağlayar.

O, bunu etməyəcək. Tarixdə ikinci dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyindən dolayı.

Amma ora aparan yol da hamar olmayacaq. Mövcud heyəti qorumaq, yayda onu bir qədər də gücləndirmək üçün futbolçuları ilə tək-tək danışmaq lazım gələcək.

Bu prosesi tamamlamaqdan ötrü ona səbr və dözüm, təmkin arzulayıram.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti