O, Qurban Qurbanovun başına and içməlidir – Görmədiyi günləri görür

29 Mart 23:00 Qarabağ 6 946
O, Qurban Qurbanovun başına and içməlidir – Görmədiyi günləri görür

Sentyabrda 30 yaşı tamam olacaq Yassin Benzia həyatının ikinci baharını yaşayır.

Ötən ilin yanvarında Qurban Qurbanov onu “Qarabağ”a cəlb edəndə bu qərara görə qınanmışdı.

Zədələrdən əziyyət çəkən, meydana çıxdığı oyunlarda özünü yaxşı tərəfdən göstərə bilməyən yarımmüdafiəçinin ölkəmizdəki gələcəyi şübhə doğururdu.

Qurbanov onun nəyə qadir olduğunu bilirdi. Və elə buna görə də Benziaya güvənməkdə davam etdi. Cari mövsümün əvvəlindən başlayaraq ona ilk “11-lik”də şans verdi və zamanla nəticəsini gördü. Futbolçu da baş məşqçinin ümidlərini doğruldaraq təşəkkürünü vurduğu qollar və verdiyi məhsuldar ötürmələrlə bildirdi.

Vaxtilə “Lion”, “Lill”, “Fənərbağça”, “Olimpiakos” kimi komandaların şərəfini qorumuş təcrübəli futbolçu təxminən 6 illik fasilədən sonra Əlcəzair millisinə dəvət olundu ki, 2 oyunda 3 qol və 1 assistlə diqqət çəkdi.

Yassin Azərbaycana gələndən sonra karyerasında bir çox ilkləri gerşəkləşdirib. Onlardan bir neçəsini təqdim edirik:

* Karyerasında ilk dəfə ölkə çempionu adını qazandı.

* Ötən ilin noyabrında ”Kəpəz”lə oyunda rəqib qapısından 3 top keçirdi. Bu, peşəkar karyerasının ilk het-triki idi.

* Premyer Liqada 21 oyunda 9 qol vurub. İndiyə qədər heç bir çempionatda bir mövsümdə bu qədər fərqlənməmişdi.

* Avrokuboklarda “Qarabağ”ın heyətində 18 görüşdə rəqib qapıçıları 4 dəfə məyus etdi. Ölkəmizə gələnə qədər avrokuboklarda 20 oyunda forma geyinsə də, cəmi 2 qol vurmuşdu.

* Cari mövsümdə aktivində 10 məhsuldar ötürmə var. İndiyə qədər bir mövsümdə bu qədər assist etməmişdi.

* Sonuncu dəfə Əlcəzair millisinə 2018-ci ildə dəvət olunmuşdu. 4 oyunda aktivində 1 var idi. “Qarabağ”ın futbolçusu qismində 2 matçda 3 qol vurub, 1 assist etdi.

2017-18 mövsümündə “Lill”in heyətində parlaq mövsüm keçirən Yassin Benzia o vaxtdan bu yana “Fənərbağça”, “Olimpiakos”, “Dijon” və “Hatayspor”da oynasa da, əsas heyət üzvünə çevrilə bilməmişdi.

Mövsümün davam etdiyini nəzərə alsaq, “7 nömrə”nin qol, assist və titul statistikasını yaxşılaşdıracağını deyə bilərik.

Hər futbolçunun özünə uyğun komandası var ki, Benzianın “ocağı” məhz “Qarabağ”dır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"