"Qarabağ"ın müdafiəçisi Rahil Məmmədovun legioner həyatı yaşamağa qərar verməsi barədə məlumat vermişdik.
Milli komandamızın da üzvünün Polşa təmsilçisi LKS-a keçidi artıq açıqlanıb.
28 yaşlı futbolçunun ani qərarı hamımız üçün gözlənilməz oldu.
Təbii ki, Polşa çempionatının səviyyəsi hər birimizə məlumdur. Azərbaycan Premyer Liqası ilə müzakirə oluna bilməz. Belədə ilk baxışdan qərarı irəliyə addım kimi qiymətləndirmək olar.
Bəs Məmmədovun getdiyi klubun indiki durumu bizə nədən xəbər verir? Göz gəzdirək...
Lodz təmsilçisi qış fasiləsinə 18 komandanın yer aldığı Polşa Çempionatında sonuncu pillədə yollanıb.

Aktivində cəmi 10 xalı olan LKS ən yaxın izləyicisindən 3 xal geri qalır.
18 matçdan 12-də məğlub olan Piotr Stokovieçin yetirmələri 2 görüşdə qalib gəlib və 4 matçda bərabərlik əldə edib.
Ekstraklassada son 3 pilləni tutan kollektivlər aşağı liqaya yuvarlanacaq.
Deməli, elitada qalmaq üçün mövsümün sonu minimum 15-ci pillədə qərarlaşmaq şərtdir.
Hazırda bu pillədə yer alan "Vartan Poznan"ın hesabında 19 xalı var.
Rahilin qısa müddətli "Zirə" və "Səbail"də keçən günlərini çıxsaq, karyerası bütünlüklə daim çempionluq hədəfi ilə mübarizə aparan "Qarabağ" və "Neftçi"də keçib.
Təcrübəli oyunçu Avropda ölkəmizi layiqincə təmsil edən "Qarabağ"ın uğurları üçün 5 ildən artıqdır tər axıdırdı.
O, ilk dəfə autsayder klubda çıxış edəcək.
İlk dəfə hədəfi komandasının liqada qalmasına dəstək vermək olacaq.
Bu yolda ilk sınaq qış fasiləsindən sonrakı ilk tura təsadüf edəcək. LKS 19-cü tur çərçivəsində 18 xalla 16-cı pillədə qərarlaşan "Korona"nın qonağı olacaq. Qələbə liqada qalmaq üçün inam verəcəksə, məğlubiyyət hər şeyin sonu ola bilər.
Büdcəsinə görə də komanda digər klubların kölgəsində qalır. Polşa klubunun dəyəri təxminən 6-7 milyon avro civarında dəyərləndirilir.
Yəni Rahilin Polşada çox yüksək maaş almaq imkanların da geniş deyil.
Qısası, Polşa Çempionatına gediş uğurlu görünə bilər, amma LKS Lodz seçimi heç də parlaq gələcəkdən xəbər vermir.
XANOĞLAN İMANOV

