"Qarabağ"ın bir çox futbolçusuna dünyanın müxtəlif ölkələrindən təklif var".
Bu açıqlama "Sportinfo"nun təsisçisi İlkin Vaqifoğluna məxsusdur.
O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin qonağı olub.
İ.Vaqifoğlu Leandro Andradenin "köhlən atlılar"ı "Şanxay Şenxua"ya dəyişmək perspektivi haqda düşüncələrini bölüşüb.
Bildirib ki, Ağdam təmsilçisi tezliklə büdcəsini artırmasa, heyətini qorumaq və avrokuboklarda uğurlu çıxışını davam etdirmək baxımından ciddi problemlərlə üzləşəcək:
"Bu, günün tələbidir. Əgər "Qarabağ" gələn təkliflərin hamısına müsbət cavab versə, düşərgədə 5-6 nəfər qalacaq, ya qalmayacaq.
Aydın məsələdir ki, klub Avropada daim qruplarda mübarizə aparırsa, onun futbolçularına maraq olacaq. "Qarabağ" son 1-2 ildə bir neçə legionerini yaxşı qiymətə satıb.
Andradeyə Çindən gələn təklifdən də xəbərdarıq. "Şanxay Şenxua" kabo-verdeli yarımmüdafiəçiyə görə kifayət qədər böyük təzminat ödəməyə hazırdır.
Ancaq "Qarabağ"ın da öz məqsədləri var və buna çatmaq üçün sabit heyətin olması şərtdir.
Hər dəfə bir-iki futbolçu buradan ayrılanda, onun yoxluğu bir müddət hiss olunur və bu, istər nəticələrdə, istərsə də oyun tərzində öz əksini tapır.
Klub rəhbərliyi büdcəni artırmaqla, futbolçularına daha yaxşı müqavilə şərtləri təklif etməklə, onları Azərbaycanda saxlamağa çalışmalıdır".

