"Şanxay Şenxua" (Çin) "Qarabağ"ın legioneri Leandro Andrade üçün üçüncü dəfə rəsmi müraciət edəcək.
"Report"un əldə etdiyi məlumata görə, Superliqa təmsilçisinin sonuncu təklifi 2 milyon avro ola bilər.
Çin təmsilçisi daha əvvəl iki dəfə müraciət etsə də, rədd cavabı alıb. Klub Kabo Verdedən olan 24 yaşlı yarımmüdafiəçini nəyin bahasına olur-olsun, transfer etmək istəyir.
"Qarabağ"ın baş meneceri Asif Əsgərov məsələyə münasibət bildirib: "Belə təkliflər çoxdur. Bunların olması da normaldır. Yaxşı futbolçu qazanmaq istəyirlər".
Klub rəsmisi "yaxşı təklif müqabilində Andradenin satılma ehtimalı varmı" sualını da cavablandırıb: "Bizdən asılı olan və olmayan durumlar var".
Portuqaliyanın "Record" nəşri 24 yaşlı yarımmüdafiəçinin transferi üçün Çin klubunun "Qarabağ"la danışıqlar apardığını yazıb.
Nəşrin iddiasına görə, "Şanxay Şenxua" 24 yaşlı yarımmüdafiəçini transfer etməyə çalışır. Hətta Çin təmsilçisinin artıq transferlə bağlı danışıqlara başladığı iddia olunur.
Ancaq görüşmələrin istənilən kimi getmədiyi vurğulanıb. Çünki "Qarabağ" oyunçunun komandadan ayrılmasını çətinləşdirir.
Kabo-Verde yığmasının üzvü 2022-ci ilin yanvarında "Çerno More"dən (Bolqarıstan) "Qarabağ"a keçib.
"Transfermarkt"ın 1,2 milyon avro qiymət qoyduğu orta sahə oyunçu cari mövsümdə bütün turnirlərdə 33 oyuna çıxaraq 10 qol vurub və 9 məhsuldar ötürmə edib.
"Şanxay Şenxua" Çin Super Liqasında mübarizə aparır. Komanda son mövsümdə 5-ci pilləni tutub.
Bizdə olan yeni məlumata görə, asiyalıların "Qarabağ"a son təklifi 1,3 milyon avro civarında olub. Andrade hazırda Azərbaycanda bu məbləğdən xeyli aşağı pul qazansa da, buranı tərk etmək istəmir.
Portuqaliya doğumlu legioner bu barədə klub rəhbərliyinə və baş məşqçi Qurban Qurbanova öz fikrini bildirib. O, "Qarabağ"da özünü çox rahat hiss etdiyini, mehrban kollektivdən ayrılmağı düşünmədiyini söyləyib.
SPORTİNFO.AZ

