COP29

“Qarabağ”lıların “Mölde” səfərində diqqət yetirməli olduğu VACİB MƏQAM

29 Noyabr 2023 23:00 Qarabağ 583
“Qarabağ”lıların “Mölde” səfərində diqqət yetirməli olduğu VACİB MƏQAM

“Qarabağ” avrokuboklarda növbəti səfər matçına hazırlaşır.

Son ölkə çempionu cümə axşamı Norveçdə “Mölde”nin qonağı olacaq.

Təmsilçimiz “Aker” stadionunda qələbəyə sevinsə, vaxtından əvvəl pley-offa vəsiqəni təmin edəcək.

Komandalar arasında Bakıdakı ilk qarşılaşmada “köhlən atlar” rəqibindən qat-qat üstün futbol sərgiləmiş, əlinə düşən çoxsaylı imkanların yalnız birini qola çevirməyi bacarmışdı.

Lakin budəfəki vəziyyət kifayət qədər fərqlidir. Azərbaycanlı futbolsevərləri narahat edən “Mölde”nin doğma meydanda inamlı təsir bağışlamasıdır ki, ötən ilin yayından bu yana qeydə alınan nəticələr bu cür düşünməyə əsas verir.

Mölde - Elfsborq (İsveç) 4:1

Mölde – Kişvarda (Macarıstan) 3:0

Mölde - Volfsberger (Avstriya) 0:1

Mölde – Gent (Belçika) 0:0

Mölde - Şamrok Rovers (İrlandiya) 3:0

Mölde - Yurqorden (İsveç) 2:3

Mölde – HİK (Finlandiya) 2:0

Mölde - Kİ (Farer adaları) 2:0

Mölde – Qalatasaray (Türkiyə) 2:3

Mölde – Bayer (Almaniya) 1:2

Mölde – Hekken (İsveç) 5:1

Göründüyü kimi, “Qarabağ”ın rəqibi ötən ilin iyulundan bu yana öz meydanında keçirdiyi 11 matçın 6-nı qələbə ilə başa vurub, 1 halda heç-heçə oynayıb.

Məğlub olduğu komandalar isə samballı sayıla biləcək rəqiblərdir (“Yurqorden” istisna).

Nəticələrə diqqət yetirəndə nəzərə çarpan məqam Norveç təmsilçisinin “ev”dəki məhsuldarlığıdır.

11 görüşün 2-də rəqib qapılarına yol tapa bilməyibsə, 8 halda azı 2 top vurub. Hətta “Bayer” kimi güclü rəqibə 1:2, “Qalatasaray” kimi formada olan komandaya 2:3 hesabı ilə uduzub.

Odur ki, “köhlən atlar”ın qapıçısı və müdafiə xəttində yer alanlar son dərəcə ehtiyatlı olmalıdır. Həlledici anda yol verilə biləcək kobud səhvin bədəli yekunda ağır ola bilər.

Noyabrın 30-dan dekabrın 1-nə keçən gecə “Aker” stadionunda baş tutacaq “Mölde” – “Qarabağ” dueli Bakı vaxtı ilə gecə saat 12-də start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"