“Yersiz ittihamlardır. “Qarabağ”ın adını çəkməklə özlərini gündəmə gətirmək istəyirlər”

29 İyun 2022 17:00 Qarabağ 1 256
“Yersiz ittihamlardır. “Qarabağ”ın adını çəkməklə özlərini gündəmə gətirmək istəyirlər”

“Bu futbolçu bizim geniş transfer siyahımızda yer alıb və onunla yaxından maraqlanmışıq.

Əvvəl məxsus olduğu klubla danışmışıq, razılıqlarını almışıq, sonra özüylə əlaqə saxlamışıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.

Braziliya mətbuatı "Nautiko"nun futbolçusu Rhaldneyin "Qarabağ" transferinin baş tutmamasının ilginc detallarını açıqlayıb.

Onların yazdığına görə, keçidin alınmamasına Pernambuku təmsilçisinin saxtakarlığa əl atması səbəb olub.

Danışıqlar "köhlən atlar"ın qarşı tərəfin ödəniş üçün təqdim etdiyi bank hesabından şübhələnməsindən sonra dayandırılıb.

İddiaya görə, "Nautiko" depozit üçün klubun deyil, direktorlardan birinin hesab nömrəsini göndərib. Bundan sonra isə anlaşma pozulub.
"Nautiko"nun idman direktoru Roberto Selva isə bu məsələdə "Qarabağ"ı günahlandırıb:

"Beynəlxalq danışıqlarda təhlükəsizlik üçün həmişə kluba kömək edən ixtisaslaşmış şirkətlərin məsləhətlərindən və təmsilçiliyindən istifadə edirik.

Bu, danışıqlarda standart prosedurdur. Rhaldney "Qarabağ"a transferindən öncə evlənmək üçün ona vaxt verilməsini istədi.

Klub isə bildirdi ki, belə olan halda düşərgəyə vaxtında qoşula bilməyəcək. Təbii ki, bunların hamısı bəhanədir. Mən heç bir problemin olmayacağını bildirsəm də, Azərbaycan klubundan cavab gəlmədi".

Daha əvvəl Braziliya mətbuatı "Qarabağ"ın 24 yaşlı yarımmüdafiəçi üçün 1 milyon dollar təzminat ödəyəcəyini yazmışdı.

G.Abbaszadə həm Braziliya mediasının yazdıqlarına, həm də "Nautiko"nun idman direktorunun iddiasında aydınlıq gətirib:

“Klubdan onun transfer qiyməti ilə maraqlanmışıq. Bu da normaldır. Peşəkar klub həmişə məhz belə edər.

Rhaldneyin qiymətini, büdcəmizə uyğun olub-olmadığını dəqiqləşdirəndən sonra özüylə danışıqlar aparmışıq. Bizimlə “Nautiko” arasıənda hər hansı formada rəsmi müqavilə imzalanmayıb.

Doğrudur, onlar klubumuza “qaralama müqaviləsi” göndərib, ancaq şərtlərdə ortaq məxrəci tapmaq mümkün olmayıb.

Onların idman direktorunun söylədikləri yersiz ittihamlardır. “Qarabağ”ın adını çəkməklə özlərini gündəmə gətirmək istəyirlər”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"