“Qarabağ” bu şərtlərlə “1 nömrə” problemini həll etdi

12 Yanvar 2022 14:20 Qarabağ 1 287
“Qarabağ” bu şərtlərlə “1 nömrə” problemini həll etdi

"Qarabağ" Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilini heyətinə qatıb.

Ağdam təmsilçisinin rəsmi tviter hesabı məlumat yayaraq, Sportinfo.az-ın günlər öncə verdiyi məlumatı təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/qarabag/130681.html).

"Köhlən atlar" 23 yaşlı qolkiperlə 3 illik müqavilə imzalayıb.

Son olaraq icarə əsasında ölkəsində - "Dila"da çıxış etmiş Luka Quqeşaşvili müqavilə ilə "Yagelloniya"ya məxsusdur. O, Polşa komandasının heyətində heç bir oyuna çıxmayıb.

Ölkəsində Tbilisi "Dinamo"sunun da formasını geyinmiş qapıçı Polşada "Podlyasye", İspaniyada isə "Qranada"nın B komandasında oynayıb.

"Qarabağ"ın təcili olaraq əcnəbi qapıçı axtarışına çıxmasına səbəb Şahrudin Məhəmmədəliyev və Emil Balayevin əməliyyat olunmasıdır.

Komandanı Azərbaycan Premyer Liqası, ölkə kuboku və Konfrans Liqasında çox çətin qrafikin gözlədiyini nəzərə alan rəhbərlik yeni qapıçıya zərurət görüb.

Balayevin yanvarın sonunda, Məhəmmədəliyevin isə 2,5 ay sonra yaşıl meydanlara dönəcəyi gözlənilir. Sonuncu bu səbəbdən Konfrans Liqasının 1/8 final mərhələsində "Marsel"lə oyunlarda çıxış edə bilməyəcək.

Luka Quqeşaşvili ilk 6 ayda icarə əsasında “Qarabağ”ın formasını geyinəcək. Premyer Liqanın gümüş medalçısı onu transfer hüquqnu almaq şərti ilə düşərgəsinə cəlb edib.

Bunun üçün “Yagelloniya”ya təzminat ödənilib. Gürcünün özü isə burada 12-15 min dollar həddində əməkhaqqı alacaq.

Bu rəqəmin artıb-azalması onun əsas heyət uğrunda rəqabətdə özünü necə göstərməsindən asılıdır.

Digər Xəbərlər
Xəbər Lenti