"Hazırkı durum belə Azərbaycan futbolu üçün böyük uğurdu" - Türkiyəli mütəxəssis

8 Dekabr 2021 23:40 Qarabağ 1 513
"Hazırkı durum belə Azərbaycan futbolu üçün böyük uğurdu" - Türkiyəli mütəxəssis

"Azərbaycan və Türk dünyası üçün önəmli bir matçdır. Bu qarşılaşmanın Azərbaycan futbol tarixində böyük önəmi var. Nəticəsindən asılı olmayaraq hazırkı durum Azərbaycan futbol üçün böyük uğurdu".

Bunu Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsində qarşılaşacağı "Bazel"lə görüş haqqında danışan türkiyəli mütəxəssis Mehmet Ak deyib.

Birvaxtlar "Qarabağ"da köməkçi məşqçi kimi işləmiş mütəxəssis "Bazel"i cütün favoriti saydığını bildirib: "Məncə, evdə oynadığı üçün "Bazel" bir addım öndədir. Amma "Qarabağ" surpriz edə bilər. Məğlub olsa belə, komanda pley-offda oynayacaq.

"Qarabağ" "Omoniya" ilə oyunda 2-2 bərabərə qalmaqla önəmli şansını qaçırmış oldu. Əgər qələbə qazana bilsəydi, bu gün 1 xal da yetərli olacaqdı".

O, qarşılaşmanın oynanılacağı stadionda matç izlədiyini və orada erkən buraxılan qolun çox önəmli olduğunu dilə gətirib: "Erkən qol buraxılmasa, mübarizə sona kimi gedəcək. Amma erkən qollar oyunun istiqamətini çox dəyişəcək. Mən "Bazel"in stadionunda oyun izləmişəm. "Stad Jakop Park"da böyük atmosfer olacaq. Azarkeşlərin təzyiqi "Qarabağ"ın ziyanına işləyən məqamdır".

Sonda azərbaycanlı futbolsevərlərə salam göndərən mütəxəssis, sabiq komandasına uğurlar arzulamağı da unutmadı: "Qarabağ"a ağır oyunda uğurlar arzu edirəm. Məğlub olsa belə, bu il pley-offa yüksəlməklə böyük uğura imza atmış oldu".

Xanoğlan

Digər Xəbərlər
Xəbər Lenti