«Mingəçevir»in futbolçuları növbəti dəfə klub rəhbərliyi tərəfindən aldadılıb.
Bu barədə saytımıza komanda üzvləri məlumat verib.
Redaksiyamızla əlaqə saxlayan oyunçular I Liqanın axırıncı turunda «Şahdağ»la Şamaxıda keçirilən matçdan (0:2) sonra məşqə çıxmadıqlarını bildiriblər.
Səbəb maaş vədinin yerinə yetirilməməsidir:
«Mingəçevirdə «Zaqatala»nı 7:1 udduq, 1 qəpik almadıq. «Şahdağ»la oyuna qədər məşqə çıxmadıq.
Səfərə də getmək istəmirdik. Rəhbərlikdən xahiş etdilər ki, oyuna gedin, iki aylıq maaşınızı ayın 7-də ödəyəcəyik.
Söz vermişdilər ki, hamı pul alacaq, qıraqda qalan futbolçu olmayacaq. Dünən Amil Yunanov zəng vurub icraçı direktor Vüqar Hüseynzadəyə.
Direktor ona deyib ki, rəhbərlik acığa düşüb, pul-zad olmayacaq. Guya, məşqə çıxmamağımız onlara xoş gəlmyib.
Yenə aldatdılar bizi. Bir daha gördük ki, bunlar məsuliyyətsiz, sözünün üstündə dayanmırlar.
Cibimizdə pul yoxdur, yemək vermirlər, başa düşmək olmur bizi? Hazırda Mingəçevirdə dörd futbolçu qalıb, qalanlarının hamısı evinə qayıdıb.
O dörd uşağa da qaldıqları oteldə çörək vermirlər. Yerli azarkeşlər aparıb onları yedizdirirlər ki, acından ölməsinlər.
Görəsən, AFFA-dan bizi eşidirlər? «Mingəçevir» bu rəhbərliklə Premyer Liqaya gəlmək istəyir?
AFFA klubda araşdırma aparsa, elə pis faktlarla qarşılaşarlar ki… Bunların yalanı, qəbahəti çoxdur.
Düz işləmirlər. Düz sözləri yoxdur. Üçüncü aya keçib, hələ əlimiz pula dəyməyib.
Daha bunların heç bir vədinə inanmırıq. MOİK-lə qarşıdakı oyuna çıxmaq fikrimiz yoxdur. Qoy, rəhbərlikdə oturanların özləri bizim əvəzimizə çıxıb oynasın».
SPORTİNFO.AZ

