Misli Premyer Liqasının XXVII turunun "Sabah" - "Zirə" oyununda heç-heçə (2:2) bir çoxu üçün gözlənilməz oldu.
"Sabah"ın "Qarabağ"ın "Şamaxı" ilə oyundakı xal itkisindən (0:0) faydalanaraq bu komanda ilə xal fərqini artıracağı gözlənilsə də, "bayquşlar" da "köhlən atlar" kimi turu xal itkisi ilə başa vurdu.
Tural Qurbanovun baş hakim olduğu qarşılaşmada ən çox diqqət çəkən məqam ilk hissənin sonlarında "Sabah"ın qapısı qarşısında yarandı.
Belə ki, "Zirə"nin yarımmüdafiəçisi İssa Cibrila 43-cü dəqiqədə "Sabah"ın cərimə meydançası yaxınlığında bu komandanın müdafiəçisi Akim Zedadka ilə mübarizədə yerdə qaldı.
Bəziləri bu epizodda penalti olmasından şübhələnsə də, əslində, epizodun təkrarında İssanın cərimə meydançası xaricində yıxılması aşkar görünür.
Bundan öncə isə "Zirə"nin futbolçusu "Sabah"ın vingeri Kahim Parrisə qarşı kobud oynamışdı.
Yəni epizod cərimə meydançasından kənarda idi, amma daxildə olsaydı belə, hücumun əvvəlki fazasında kobudluq olduğundan penalti verilməyəcəkdi.
Maraqlıdır ki, bu qaydalar demək olar bütün futbol ictimaiyyətinə məlum olsa da bəziləri bu epizodu penalti kimi dıyərləndirməyə çalışırlar. Real fakt isə başqa şey deyir.
SPORTİNFO.AZ

