“Qarabağ”la “Sabah” arasında cari mövsümdə baş tutan növbəti oyun da gərginliyi ilə yadda qaldı.
Martın 1-dəki çempionat görüşündə məşqçilər kəllə-kəlləyə gəlib cəzalanmışdısa, bu dəfə futbolçular meydandan qovulacaqdı.
Oyunboyu, xüsusən də ikinci hissədə amansız mübarizəyə girişən “Qarabağ”ın sol cinah müdafiəçisi Elvin Cəfərquliyevlə “Sabah”ın sağ cinah müdafiəçisi Akem Zedadka arasındakı gərginlik pik həddə çatmışdı.
Epizodların birində Elvinin onu itələməsinə dözə bilməyən Akem rəqibinə sərt təpki göstərincə, Cəfərquliyev onunla baş-başa gəldi.
Yaxınlıqda olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dərhal hər iki futbolçunu yanına çağırıb onları mehriban olmağa səslədi. Və bununla da yaşanan mübahisə öz həllini tapmış kimi göründü.
Zedadka Sportinfo.az-a verdiyi açıqlamada məlum olayla bağlı qısa danışıb:
“Futbolda bu cür hallar çox olur. İdmandır, bəzən əsəblərimizi cilovlaya bilmirik.
Orada ciddi heç nə baş vermədi. Sadəcə kiçik anlaşılmazlıq oldu və meydanda qaldı. Bu mövzunun üzərində çox dayanmağın tərəfdarı deyiləm. Oldu, keçdi.
Növbəti oyunlarda yenidən təkrarlanacağına inanmıram. Çünki onunla münasibətimiz normaldır, hansısa qərəz yoxdur”.
“Qarabağ”la “Sabah” aprelin 18-də Premyer Liqanın 28-ci turu, aprelin 22-də isə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində qarşılaşacaqlar.
Çempionat matçı Tofiq Bəhramo adına Respublika stadionunda, kubok görüşü “Bank Respublika Arena”da gerçəkləşəcək.
HƏBİB

