“Səbail”dən qalmaqallı şəkildə ayrılan Yusif Nəbiyev azı yaya qədər gözləməli olacaq.
İndiki məqamda 28 yaşlı futbolçunun karyerasını başqa klubda davam etdirmək şansı və icazəsi yoxdur.
Düzdür, mövsümün gedişində bir futbolçunun digər kluba keçməsinə az rast gəlməmişik.
Lakin bu, qış fasiləsinə qədər və fasilədə mümkündür. Yəni yanvarda “transfer pəncərəsi” açılanda “Səbail”i başqa kluba dəyişsəydi, problem olmazdı.
İş burasındadır ki, Nəbiyev mövsümün ikinci yarısında meydana çıxıb. Bu isə onu cari mövsümdə başqa seçim etməsini əngəlləyir.
Hətta meydana çıxmadan adı iştirak ərizəsinə salınsaydı belə, yenə qarşısında STOP görəcəkdi.
Məhz bu səbəbdən azı 4 ay futbolsuz qalacağı dəqiqdir. Yeni komandasının heyətində ən yaxşı halda iyulda məşqlərə start verə biləcək.
Yeri gəlmişkən, “Səbail”in MOİK-ə 0:1 hesabı ilə məğlub olduğu oyunun gedişində əvəzlənməkdən boyun qaçıraraq sona qədər meydanda qalan kapitan matç başa çatandan sonra baş məşqçi Adil Şükürovla dava edib.
Nəticədə klub 2023-cü ildən “dənizçilər”in şərəfini qoruyan Nəbiyevlə yolları qarşılıqlı razılıq əsasında ayırmağa qərar verib.
Yeri gəlmişkən, əlaqə saxladığımız səbəbkar baş vermiş qalmaqalla bağlı danışmaq istəməyərək, bunu işlərinin çox olması ilə əlaqələndirdi.
HƏBİB / SPORTİNFO.AZ

