«Karvan»ın futbolçuları qarşılaşdığı yeni hadisənin mənfi təsiri altındadır.
Onlar nahardan məhrum edilib.
Bu, komandanın Yevlaxda yerləşən bazasında qalanlara aiddir.
Oyunçular bundan belə burada yalnız səhər qəhvəaltısı edəcək və şam yeməyi yeyəcək. Günorta isə yeməkxana tərəfə yollanmağı yaddan çıxarmalıdırlar - çünki qapı bağlı olacaq.
Aran təmsilçisi Premyer Liqanı tərk etməyə ən real namzəddir. «Sarvanlar» 21 tur ərzində topladığı 6 xalla turnir cədvəlinin sonuncu – 12-ci pilləsində qərarlaşıb.
Ondan bir üst sıradakı «Kəpəz»dən 7 xal geri qalan kollektivin uğursuz çıxışı, güman ki, rəsmiləri vaxtından əvvəl reallıqla barışdırıb.
Bundan sonra çətin ki, nəticələrdə dönüş edə, vəziyyəti öz xeyirlərinə dəyişdirə bilsinlər. Bu, qətiyyən inandırıcı görünmür.
Yevlaxdakı bazada yerləşdirilən futbolçuların əksəriyyəti yerlilərdir. Legionerlər əsasən bu rayonda yaşamır.
Rayon həyatı onlara darıxdırıcı gəldiyini iddia ediblər, rəhbərlik də nəzərə alıb. Əcnəbilər üçün Mingəçevirdə bir neçə mənzil kirayələnib, ailələri ilə ora köçürülüblər.
SPORTİNFO.AZ

