I Liqada 15-ci turun mərkəzi qarşılaşmasında qapılara 4 top vuruldu.
“Şəfa” – “Mingəçevir” duelində meydan sahibləri ilk hissənin əvvəlində 8 dəqiqə ərzində 2 qol vurmağı bacarsa da, fasilədən sonra üstünlüyü ələ alan qonaqlar hesabı bərabərləşdirməyi bacardı.
İlk hissənin son saniyələrində hakimi təhqir etdiyi üçün texniki zonadan qovulan bölgə təmsilçisinin baş məşqçisi Ramiz Məmmədov ikinci yarını tribunadan izləyərək tapşırıqlarını verməklə diqqət çəkdi.
Oyun başa çatandan sonra isə o, Sportinfo.az-ın suallarını cavablandırdı.
- Gərgin oyunda 1 xal qazanmağı bacardınız. Matçın startında komandanıza nə olmuşdu?
- İlk növbədə I Liqaya dəstək göstərən, əziyyət çəkib stadiona gələn hər kəsə təşəkkür edirəm. O cümlədən “Mingəçevir” azarkeşlərinə minnətdarlığımı bildirirəm. Bu gün az sayda olsalar da, gəlmişdilər. Hesabda 0:2 geri düşən komanda ikinci yarıda hesabı bərabərləşdirməklə xarakterin, əzmkarlığın, mübarizliyin nə olduğunu göstərdi. O ki qaldı sualınıza, ilk hissədə havanın həddən artıq küləkli olması və heyətdəki bəzi futbolçuların bizə yeni qoşulması özünü göstərirdi. Yeni gələnlərin uyğunlaşması üçün azı iki həftə vaxt lazımdır. Məni ən çox sevindirən oyuna sonradan qoşulan futbolçuların özlərini yaxşı tərəfdən göstərməsiydi. Bu gün bir daha sübut etdilər ki, hər biri “11-liy”ə layiqdir. Nəticəyə görə hər bir futbolçuya təşəkkür etdim.
-1 xal qazandınız, yoxsa 2 xal itirdiniz?
- Bura qələbə dalınca gəlmişdik. Təəssüf ki, 2 xal itirdik.
- İdarəçiliklə bağlı narazılığınız var idi deyə, texniki zonadan qovulduğunuz. Hakimliyi necə qiymətləndirirsiniz?
- Bəli, hakimin kobud səhvləri oldu. Dünya futbolunda 1 dəqiqə 35 saniyə ərzində bir komandanın qapısına iki penalti təyin edən hakim görməmişəm. Ancaq bizə qarşı bunu ediblər. Hakimlikdən narazıyam. Hakimlər Komitəsinin rəhbəri Rəhim Həsənov Premyer Liqanın hər turundan sonra hakimlərin qərarlarını ictimaiyyətin qarşısında şərh etdiyi kimi, I Liqanın matçlarına da o cür yanaşaraq hakimlərin işinə qiymət versin. Üzümü AFFA-ya və Hakimlər Komitəsinin sədrinə tutub deyirəm ki, I Liqadakı hakim idarəçiliyinə təhlil edib, ictimaiyyətə təqdim etsinlər. Komitə hansı hakimin səhv etdiyini, hansı qərarın yanlış olduğunu bildirsə, bu, Azərbaycan futbolunun inkişafına kömək edər.
- Maraqlıdır ki, “Şəfa” da hakim idarəçiliyi ilə bağlı etiraz edirdi.
- Bunu mən yox, Hakimlər Komitəsi fikirləşsin. “Şəfa”nın əvəzinə danışa bilmərəm. Mən öz adımdan danışıram. Necə ki, Qurban Qurbanov Qubadakı meydanın bərbad olduğunu dilə gətirir, mən də baş məşqçi kimi I Liqadakı hakim idarəçiliyinə qiymət və şərh verilməsini istəyirəm.
- “Şəfa”yla ardıcıl ikinci oyunda qarşınızda qırmızı vərəqə gördünüz.
- Futbol oynadığım dönəmdə də çılğın olmuşam. Bu gün də beləyəm. Hər iki oyunda haqsız yerə qırmızı vərəqə almışam. Qərəz demirəm, amma hər dəfə səhvlər bizə qarşı olmalıdır? Bizə qarşı kobudluqlara görə cərimə zərbəsi təyin olunmur, bizdən kimsə kiçik toxunuş edən kimi fit çalınır. Ona görə də xahiş edirəm ki, Hakimlər Komitəsi I Liqanın matçlarını analiz etsin. Artıq dərəcədə xahiş edirəm.
- Oyundan sonra futbolçunuz Amil Yunanovla rəqib həmkarınız arasında gərginliyin yaşanması nə ilə bağlıydı?
- Amilin adınan hansısa etiraz, yaxud tərbiyəsizlik görmədim. Komandamıza gəldiyi gündən “Şəfa” rəhbərliyi haqda ən yüksək fikirləri səsləndirib. Hətta Amil özü təcrübəli futbolçu kimi matçdan əvvəl uşaqlara dedi ki, həssas oyundur, xahiş edirəm, ehtiyatlı olaq, bir-birimizə hörmət edək. “Şəfa”da oynayan uşaqlar da bizim övladlarımızdır.
HƏBİB

