“Qarabağ”ın adı ətrafında işbazların iyrənc “oyunu” - FOTOFAKT

20:40 Qalmaqal 178
“Qarabağ”ın adı ətrafında işbazların iyrənc “oyunu” - FOTOFAKT

Yenə “Qarabağ”ın avrokubok oyunu, yenə dəqiqələr ərzində tükənən biletlər, yenə narazı azarkeşlər və...

... yenə iş başında olan “qara bazar”.

Əvvəlki illərdə işbazlar daha çox pul qazanmaq niyyəti ilə stadionun həndəvərində pusquda dururdularsa, eyni ənənə indi sosial şəbəkələrdə həyata keçirilir.

Bir qrup şəxs elektron biletlərə sahiblənərək, klubun sosial şəbəkə hesablarındakı şərh bölməsində təklif etməklə məşğuldur.

Polis orqanları tərəfindən həbs olunmamaq üçün hiylə üsulu tapanların sayı kifayət qədərdir.

Biri bileti öz qiymətinə satdığını bildirir, digəri dəyərinin yarı qiymətinə sata biləcəyini yazır, bir başqası oyuna gedə bilməyəcəyi bəhanəsi ilə qazanmağa çalışır. Hətta bilet satışını üzbəüz satışla həyata keçirmək istəyənə də rast gəlmək mümkündür.

Bu, üzdə olunan görüntüdür. Mesaj bölməsinə keçid edəndən sonra tam fərqli mənzərə çıxır ortaya.

Biletlər dəyərindən 2-3 dəfə artıq təklif olunur. Həmin gün oyunu canlı izləmək istəyən azarkeşlər isə məcbur qalaraq əlini cibinə salır, 10 manatlıq bilet üçün 20-30 manatından keçir.

Bu cür iyrənc üsullara əl atan vətəndaşlar əsl “Qarabağ” tərəfdarlarının bilet almasının və stadiondakı yerini tutmasının qarşısını alır.

Çünki onlayn satış zamanı sıxlıq yaradan, biletlərin tükənməsinin səbəbkarı olan məhz həmin şəxslər, lap dəqiq desək, işbazlardır.

İnanır və ümid edirik ki, Azərbaycan dövlətinin güc strukturları internet üzərindən həyata keçirilən “qara bazar”ı diqqətdə saxlayaraq, asan yolla pul qazanmağa çalışan vətəndaşların qısa zamanda tapılaraq məsuliyyətə cəlb olunması yönündə ciddi işlər görür.

10 manatlıq bileti 20 manata satmağa heç kimin ixtiyarı yoxdur!

P.S.: Təqdim etdiyimiz fotofaktlar iyrənc mənzərənin bir hissəsidir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti