Premyer Liqanın XIV turunda qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılan “Qəbələ” – “Turan Tovuz” oyunu ilə bağlı Peşəkar Futbol Liqasının (PFL) qərarı çempionatın idarəçiliyində nə qədər ciddi problemlərin, xaosun və məsuliyyətsizliyin olduğunu açıq şəkildə üzə çıxardı.
Məsələ burasındadır ki, PFL özü yazdığı Əsasnaməni heçə sayaraq, klubların istəklərinin qarşısında aciz duruma düşdü və sənədi kobud şəkildə tapdalamaqdan çəkinmədi.
Elxan Səmədovun başçılıq etdiyi qurum dekabrın 8-də baş tutan görüşlə bağlı həmin gün ardıcıl 3 bəyanat yaydı. Əvvəlcə qarşılaşmanın dayandırıldığı, daha sonra həmin gün baş tutmasının mümkünsüz olacağı açıqlandı.
Üçüncü bəyanatda isə vurğulandı ki, bütün texniki imkanlar araşdırılıb və oyunun ertəsi gün davam etdirilməsi üçün bütün texniki imkanların təmin olunması mümkün deyil.
Hər üç bəyanatın son cümləsində isə qarşılaşmanın nə vaxt davam etdiriləcəyi ilə bağlı əlavə məlumatın veriləcəyi qeyd olundu. Bu cür ziddiyyətli, bir-birini təkzib edən açıqlamalar PFL-in prosesə nə qədər “ciddi” yanaşdığını göstərir.
Halbuki 2025/2026-cı il mövsümünün Əsasnaməsi məsələni tam aydın şəkildə izah edir:
“Oyun hakimin fikrincə, futbolçuların səhhəti üçün təhlükəli hava şəraitinə və ya baş vermiş gözlənilməz hadisələrə, həmçinin işıqlandırma sistemində yarana biləcək nasazlığa və digər hallara görə axıra qədər oynanılmayıbsa və bu problemlərin aradan qaldırılması oyun yarımçıq dayandırıldıqdan sonra 30 dəqiqə ərzində mümkün deyilsə, həmin qarşılaşma ertəsi gün PFL-in təyin etdiyi vaxtda və məkanda davam etdirilməlidir”.
Burada hər şey birmənalıdır. Yəni, PFL dekabrın 8-də matçın dekabrın 9-na hansı saata və haraya təyin edilməsi barədə qərar qəbul etməyə borclu idi.
Dekabrın 9-da isə təyin edilən saatda vəziyyətə yenidən baxılmalı, ondan sonra matçın davam etdirilməsi, yoxsa başqa vaxta keçirilməsi qərarlaşdırılmalı idi. Mövcud qaydalara əsasən, 48 saat – yəni 2 sutka ərzində həmin görüşün davamı keçirilməli idi.
Qurum isə ilk gündən artıq elan etmişdi ki, ertəsi gün texniki imkanların təminatı mümkün olmayacaq. Texniki imkan isə canlı yayım və ya VAR-ın quraşdırılması ola bilər. Ancaq bunlar da “aşılmaz divar” deyil.
Əsasnamədə VAR və canlı yayımın olmamasının oyunun keçirilməsinə maneə törətmədiyi qəti şəkildə təsbit olunub. Üstəlik, əvvəlki illərdə də VAR-sız və canlı yayım olmadan görüşlər keçirilib.
Ən pis halda, PFL öz kamerası ilə çəkiliş edib, internet üzərindən tamaşaçılara göstərirdi. Axı Əsasnamədə də yazılıb ki, canlı yayımın və ya VAR sisteminin mövcud olmaması oyunun davam etməməsi üçün əsas deyil.
Deməli, “texniki imkan” adı altında uydurulan səbəb sadəcə, məsuliyyətdən yayınmaq üçündür. Bir sözlə, texniki imkanlar işin bəhanəsidir.
Əsas səbəb isə klubların 1 gün sonra oynamaq istəməməsidir və PFL də onların qeyri-ciddi, qaydalara zidd istəyini geri çevirməyib.
Bu addım təkcə Əsasnaməni çeynəmək deyil, həm də Premyer Liqanın digər 10 komandasına, eləcə də futbol ictimaiyyətinə açıq hörmətsizlikdir.
Halbuki komandalardan biri və ya hər ikisi təyin edilən vaxtda meydana çıxmasa, avtomatik olaraq onlara texniki məğlubiyyət verilməlidir. PFL isə bunu tətbiq etmək əvəzinə klubların istəyinə boyun əyməyi daha “uyğun” gördü.
PFL yalnız 3 gün - yəni 72 saat sonra yeni bəyanat yayaraq, oyunun 2026-cı ildə yenidən keçirilməsini qərarlaşdırdığını elan etdi. Komandalar da sifariş vərəqəsində mövcud olan futbolçulardan istifadə edə biləcəklər.
Bu da Premyer Liqada bərabərliyin tam şəkildə pozulması deməkdir. Məsələn, hazırda autsayder hesab olunan “Qəbələ” qış fasiləsində kütləvi transferlərlə heyətini gücləndirib mövsümün əvvəlindəki komanda ilə heç bir əlaqəsi olmayan heyətlə meydana çıxa bilər.
Eyni hal “Turan Tovuz” üçün də keçərlidir. Təsəvvür edin, təxirə salınmış bu matçın nəticəsi mövsümün sonunda avrokubok taleyinə və ya elitada qalmağa təsir edir - bəs onda digər komandaların haqqı necə qorunacaq?
Bu, liqanın prinsipiallığını və şəffaflığını tam şəkildə sual altına qoyan, futbolun nüfuzuna zərbə vuran təhlükəli presedentdir.
SPORTİNFO.AZ

