utboldan ömürlük uzaqlaşdırılmış Ramil Kərimov AFFA-nın onun barəsində verdiyi məlum qərara məhəl qoymur.
2019-cu ildə barəsində müvafiq qərar çıxarılmış keçmiş qapıçı hələ də məşqçilik karyerasını davam etdirir.
Həmin vaxt I Liqada “Ağsu”nun formasını geyinmiş kiper hazırda da Mingəçevirdə işinin başındadır.
Y.Məmmədzadə adına stadionun rəhbərliyi buranın qapılarını onun üzünə açıb. O, pullu qrup yaradaraq, arenada onlara məşq keçir.
Təbii ki, arenaya cavabdehlər buna elə-belə şərait yaradır - həmin puldan bu şəxslərə də çatır.
«Romaşka» ləqəbli sabiq qapıçı hazırda «Ulduzlar» akademiyasında çalışır. Buranı yaradan isə «Mingəçevir»in rəhbər şəxslərindən Ruslan Həmidovdur.
Kərimovu müdafiə edən, arxasında dayanan da elə odur. Görəsən, marağı nədir? Bəlkə yanında hansısa gözükölgəli işi var?
R.Kərimovun pul qarşılığında məşq keçdiyi uşaq və yeniyetmələr bəzən yerli UGİM-in və «Mingəçevir»in aşağı yaş qruplarının hazırlıq prosesinə də qatılır.
Bu proses 1 ildən artıqdır davam edir. Saytımız olay barədə ilk dəfə hələ o vaxt xəbər tirajlamışıq. Təəssüf ki, «Mingəçevir» rəhbərliyi nədənsə yaxasını kənara çəkib,
Həmidovun Kərimovla bağlantısını araşdırmayıb. Həmçinin AFFA-nın müvafiq orqanları səssiz qalıb, ötən müddətdə araşdırma aparmayıb.
Peşəkar Futbol Liqasının rəsmi saytının onun da adı keçən həmin xəbərində deyilir:
“Ağsu“, “Turan Tovuz” və “Zirə-2”nin bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçularının, futbol funksionerlərinin, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq aşağıda adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur».
SPORTİNFO.AZ

