
Azərbaycanda futbolçu hərbi hissəyə göndərilib.
I Liqada mübarizə aparan «Ordu»nun rəhbərliyi belə bir addım atıb.
Belə ki, klub Mirəli Əhmədovun xidmətindən bu şəkildə imtina edib.
M.Əhmədov gənclər yığmasının sabiq üzvüdür. O, daha öncə aşağı yaş qrupları üzrə millilərin formasını geyinib.
22 yaşlı müdafiəçi 2024-cü ilin yayında «Araz-Naxçıvan»dan «Ordu»ya keçib və ilyarımlıq müqavilə imzalayıb.
Ötən ilin oktyabrında həqiqi hərbi xidmət qulluqçusu kimi Müdafiə Nazirliyinin klubunda çağırışçı olub.
Ölkənin ən istedadlı gənc futbolçularından sayılan, Konyada keçirilmiş İslam Oyunlarında bürünc medal qazanmış M.Əhmədov artıq 3 aya yaxındır ki, bölgələrdən birindəki hərbi hissəyə göndərilib.
I Liqada yeni mövsümə sentyabrda start veriləcək. Adıçəkilən müdafiəçinin hansı səbəbdən yayın bu cırhacır vaxtında «batinka» geyinməyə məcbur edilməsi hələ də naməlumdur.
Saytımız hazırda bu yöndə araşdırma aparır. Ən qısa zamanda problemli mövzuya qayıdacağıq…
SPORTİNFO.AZ