Millimizin çalışdırıcısı yenə nala-mıxa vurdu

3 İyul 2022 02:10 Qadın futbolu 798
Millimizin çalışdırıcısı yenə nala-mıxa vurdu

Türkiyədə təlim-məşq toplanışını başa vuran və hazırlıq çərçivəsində yerli yığma ilə iki yoldaşlıq oyunu keçirən qadın futbolçulardan ibarət Azərbaycan komandasının baş məşqçisi Siyasət Əsgərov açıqlama verib.

Sportinfo.az xəbər verir ki, AFFA-nın saytına açıqlama verən mütəxəssis toplanışı belə dəyərləndirib:

"İyunun 18-dən təlim-məşq toplanışına başladıq. Toplanış müddətində gündə iki dəfə olmaqla məşq və iki beynəlxalq səviyyədə yoldaşlıq oyunu keçirdik.

Türkiyə ilə iyunun 25-də keçirdiyimiz ilk oyunda komandamız yorğun olmasına baxmayaraq, pis təsir bağışlamadı. Xüsusən ilk hissədə başabaş mübarizə apardıq.

Ancaq dediyim kimi, fasilədən sonra yol yorğunluğu özünü büruzə verdi və nəticədə 0:2 hesabı ilə məğlub olduq.

Türkiyə millisinə qarşı ikinci oyunumuz isə daha yaxşı alındı. Hesabda geri olmağımıza baxmayaraq, toparlanmağı bacardıq, hətta 2 top vurub hesabı lehimizə dəyişdik.

Təəssüf ki, son dəqiqələrdə penaltidən qapımızdan top buraxdıq. Hesab edirəm ki, nəticə oyuna görə olmadı. Hər iki hissədə yaratdığımız imkanlardan yetərincə istifadə edə bilmədik.

​Bu təlim-məşq toplanışının və yoldaşlıq oyunlarının əsas məqsədi sentyabrda keçirəcəyimiz rəsmi oyunlara daha yaxşı hazırlaşmaqdır.

İnanıram ki, bu təlim-məşq toplanışının faydasını gələcək oyunlarda görəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti