Bir müddət keçəcək, nə “Turan Tovuz” – “Sabah” oyununun yekun nəticəsi yada düşəcək, nə penalti seriyası, nə də Otto Conun o şəkildə topa zərbə endirməsi.
Ancaq Denis Marandiçi bundan sonra tovuzlu və azərbaycanlı futbolsevərlərin yaddaşında daim yaşayacaq. Lap 50 il də keçsə, xatırlanacaq. Buna adım kimi əminəm.
Nəticə və statistika ötəridir. Bu gün uduzub sabah udanda, pis günlər unudulur, yaxşı günlər yada düşür.
Ancaq Marandiçinin etdiyi...
İnanın, hələ də o fəryadı, o qışqırığı unuda bilmirəm. Adamın dişi ağrıyanda özünə yer tapa bilmir, səhərə kimi gözlərinə yuxu getmir. Bir də ayağın sınmasını təsəvvür edin. Dəhşətli görüntü idi.
Komandasının, havasını udub, çörəyini yediyi bölgənin uğur qazanması üçün ayağından keçdi. Və bunu yad ölkəyə pul qazanmaq üçün gələn legioner etdi. Bax, budur həssas məqam.
Legionerlər görmüşük, dara düşəndə ayağını çəkib, karyerasını düşünərək özünü oda atmayıb. Denis fərqli cür davrandı. Ayağını “Turan Tovuz” üçün fəda etdi. Kişilik, mərdlik, qürurdur bunu adı. Heç kimə arzulamadığım kişilik nümunəsi.
6 ay, 1 il, bəlkə də ömürlük futboldan uzaq düşdü. Necə qayıdacaq, qayıdıb nə edəcək – Tanrının əlində olan işdir. Və bunu bilə-bilə ayağını sındırdı.
Yastığın yüngül olsun, Denis!
Tez sağal ki, ürəyi futbolla döyünən tovuzlu futbolsevərlər səni əllərində gəzdirsinlər.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN