Qarabağda üç hava limanı - ermənilər nədən qorxuya düşüb?

7 May 2021 15:50 Problem 756
Qarabağda üç hava limanı - ermənilər nədən qorxuya düşüb?

Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrda hazır olacağı gözlənilən Füzulidən sonra Zəngilanda da aeroport tikintisinin əsasını qoyması, Laçında da hava limanının tikiləcəyi ilə bağlı anonsu ermənilərin yuxusunu qaçırıb.

“Dağlıq Qarabağ Respublikası” adlı gorbagor olmuş qurumun “xarici işlər naziri” Armen Babayan Laçında da aeroport tikiləcəyi ilə bağlı bəyanatı da nəzərə alaraq, “kiçik bir ərazidə üç aeroportun” salınması qərarını öz ağlına uyğun izah etməyə çalışıb.

Deyib ki, “iqtisadi və nəqliyyat baxımından 50-70 kilometr məsafədə üç aeroport tikilməsinin mənası yoxdur”.

Babayan şübhələnib ki, bu aeroportlardan biri mülkü olacaq, digər iki aeroport isə hərbi məqsədlər üçün istifadə edilə bilər. Hətta onu da deyib ki, birində helikopterlər yerləşdiriləcək, digəri isə hərbi təyinatlı dronlar üçün olacaq.

Azərbaycan üçün bu hava limanlarının əhəmiyyətinin böyük olacağı vurğulanır. Eyni zamanda ermənilərin qorxuya düşməsinin köklü səbəblərinin olduğu qeyd edilir. Hərbi aerodrom kimi istifadə ediləcəyi barədə iddialara da münasibət bildirilir.

Əziz Əlibəyli: Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm  töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını

Əziz Əlibəyli

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Laçın aeroportunun tikilməsinin Azərbaycan üçün böyük əhəmiyyətinin olacağını qeyd etdi: “Laçında aeroportun inşa edilməsi planının bir neçə səbəbi var. Burada heç şübhəsiz ki, əsas səbəb hərbi təyinatla əlaqədar olmasıdır. Laçın tərəfi bütövlükdə dağlıq bir zonadır. Müdafiə qabiliyyətini artırmağa böyük ehtiyac var. Ermənistan tərəfdən ola biləcək təxribatın qarşısını almaq bununla mümkün olur. Kommunikasiya baxımından da bunun böyük əhəmiyyəti var. Hazırda birbaşa yolun çəkilməsində problem var. Kəlbəcər və Qubadlı tərəfdən də problemlər yaşanır. Bu baxımdan Laçın aeroportunun tikilməsi böyük lüks olar. Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri də bölgənin qısa müddətdə məskunlaşdırılmasıdır. Bununla bağlı proqram var. Cənab Prezidentin də dediyi məhz onunla əlaqədardır ki, həmin bölgələrdə qısa müddətdə yerli əhalinin məskunlaşdırılması təmin edilməlidir. Bunu da məhz həmin aeroport vasitəsilə həyata keçirmək olar. Zəngilanın da üç ölkənin sərhədində yerləşdiyinə görə başqa əhəmiyyəti var. Onu da qeyd edim ki, aeroportun tikilməsi, 10 noyabr anlaşmasından çıxış etsək, erməni tərəfi üçün də müəyyən imkanlar vəd edir. Ən azından Ermənistanın Azərbaycanla olan sərhədinin logistikasında bunun böyük rolu ola bilər”.

Hərbi ekspert Ruslan İmamquliyev erməni tərəfin təşvişinin heç bir əhəmiyyətinin olmadığını bildirdi: “Bu gün Azərbaycanda söhbət təkcə hava limanından getmir, infrastrukturlardan da gedir. Bu da normaldır. Ümumi qayıdış planına uyğun tədbirlər görülür. Bu gün Azərbaycanın əsas planı hərbi motivdən daha çox turizmin inkişafı və ora qayıdış planının daha da sürətləndirilməsi istiqamətindədir. Ermənistanın bu gün təşvişə düşməsinin heç bir əhəmiyyəti yoxdur. Çünki bu bizim torpaqlarımızdır. Sadəcə, öz torpaqlarımızda gərəkli addımları atırıq. Bundan sonra ermənilər öz yaşadıqları torpaqların qeydinə qalsınlar. 30 ildən sonra torpaqlarımızın azad olunması, qayıdışın bərpa edilməsi bizim üçün tarixi bir uğurdur. Bu gün qayıdışın bərpa olunmasına qarşı Ermənistan və onun havadarlarının planları ola bilər. Amma bir deyil, gələcəkdə bir neçə aeroportun o yerlərdə olması bizim daha möhkəm təməllərlə həmin ərazilərdə möhkəmlənməyimizə səbəb olacaq”.

Azərbaycan ordusunun

Ruslan İmamquliyev

Hərbi ekspert ermənilərin bu qədər qorxuya düşmələrinin səbəblərindən də söz açdı: “Onların qorxuya düşmələri əslində absurd bir məsələdir. Çünki bu torpaqlar Azərbaycana məxsusdur. Bu o deməkdir ki, onlar hələ də revanşist fikirlərindən əl çəkmirlər. Görünən odur ki, onlara havadarları tərəfindən hər hansı bir sözlər verilib. Amma onlar artıq dərk etməlidirlər ki, bunların hamısı xam xəyallardır. Bundan sonra onların həmin azad edilmiş ərazilərdə yaşamaları o halda mümkündür ki, Azərbaycan vətəndaşlığını qəbul edəcəklər. Gedişat da buna doğru gedir. Artıq onlar da oradakı infrastrukturdan bəhrələnmək istəyəcəklər. Su, qaz, elektrik təchizatından bəhrələnmələri üçün orada yaşayanların vətəndaşlığı qəbul etmələri şərtdir. Onu da deyim ki, onlar hər zaman pis niyyətdə olacaqlar. Bundan iki yüz il əvvəl də belə olublar, bu gün də belədirlər, bundan sonra da belə olacaqlar. Biz, sadəcə, həmin torpaqlarımızda daha da möhkəmlənməliyik. Hər istiqamətdə gərəkli addımları atmalıyıq”.

Cavanşir ABBASLI

Digər Xəbərlər
Xəbər Lenti