Fərid Mansurov: "Federasiya bu uğursuzluğa görə bizə hesabat verəcək"

25 Sentyabr 2019 12:18 Olimpiya oyunları 2 136
Fərid Mansurov: "Federasiya bu uğursuzluğa görə bizə hesabat verəcək"

Azərbaycan Güləş Federasiyasının gənclər üzrə vitse-prezidenti, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov Sportinfo.az saytına müsahibə verib.

- Nur-Sultanda keçirilən dünya çempionatı kifayət qədər məsul yarış idi. Lakin nəticə gözlənilən kimi olmadı. AGİN-nin rəsmisi kimi dünya çempionatındakı nəticəyə münasibətinizi bilmək istərdik...
- Bilirsiz ki, bu dünya çempionatında olimpiadaya lisenziya verən çəkilər də vardı, qeyri-olimpiya çəkiləri də.. Çempionat 10 çəki üzrə keçirilirdi ki, 6 çəki üzrə 1-6-cı yerləri tutan güləşçilər Tokio olimpiadasına vəsiqə qazanırdı. Rəqabət çox güclü idi. Amma açığını desəm, mən də güləşçilərimizdən bu cür çıxış gözləmirdim. Düzdür, Hacı Əliyevə qarşı hakimlər tərəfindən konkret qərəzli münasibət oldu. Görüşü analiz elədim, doğrudan da Hacının 2 xalını kəsdilər, vermədilər. Ancaq belə hallar hər zaman olur. Ümumi çıxışı götürsək, komandadan belə zəif nəticə gözləmirdim. Yarışdan qabaq öz-özümə fikirləşirdim ki, yunan-roma güləşində 2 olimpiya lisenziyası, "sərbəst"də isə azı 3 vəsiqə olar. Eyni zamanda qadınlardan da 1-2 lisenziya gözləyirdim. Düzdür, medallarımız oldu. Amma bizə həm də lisenziya lazım idi. Federasiyalar arasında əsas medal ümidlərindən biri bizik. Güləş federasiyası həmişə dünya və Avropa, eləcə də olimpiadalardan yüksək əyarlı medallarla qayıdıb. Amma, bu dünya çempionatı bizim üçün acı bir sürpriz oldu. Stabilliyini qoruyub saxlayan Mariya Stadnikdən qızıl medal və lisenziya gözləyirdik, bilirdik ki, əsas rəqibi yapon güləşçisidir. Həmin yapon da Çin idmançısına məğlub oldu. Mariya da çinliyə qalib gəldi. Digər idmançılardan Cəbrayıl Həsənovu dü yüksək qiymətləndirirəm. Ümidləri həmişə doğruldur, medal verir. Dünya çempionu titulunu qazansaydı, daha yaxşı olardı. Çünki onda elə yaş dövrüdür ki, bəlkə də bu olimpiada onun üçün sonuncu ola bilər. Şərif Şərifov, bilirsiz ki, digər idmançımız zədələndiyi üçün bu dəfə 97 kq-da yarışdı, bu çəki həm də olimpiadaya lisenziya verirdi. Mənə elə gəlir, Şərif finalda bir qədər də özünəinamlı olsaydı, 4 qat dünya və olimpiya çempionu Sadullayevə qalib gələ bilərdi.

- Millinin bu uğursuzluğunu yəqin ki, federasiya öz daxilində müzakirə edib qərarlar verəcək. Amma nazirlik olaraq hər halda siz də güləş federasiyasının rəhbərliyi-məşqçilər korpusu ilə görüşüb nəticələrdən narazılığınızı bildirəcəksiz.
- Təbii ki, biz nazirlik olaraq tək güləş federasiyası yox, olimpiya oyunları ilə bağlı bütün federasiyalara sorğu göndərmişik ki, hazırlıq-proqnozlar barədə məlumatlar versinlər. Güləş federasiyasının məşqçiləri ilə keçən il də dünya çempionatından sonra görüşüb söhbət eləmişdik. Bu il də onlarla masa arxasında müzakirələrimiz olacaq. İdmançıların bu dünya çempionatındaçı zəif çıxışı çox gözlənilməz oldu. Misal üçün, yunan-Roma güləşində dünya və Avropa çempionatlarının mükafatçısı İslam Abbasov bu yarışda medal qazanıb olimpiadada yerini təmin etməli idi. Rəsul Çunayev də həmçinin. Ümumi müqayisə etsəm, yunan-Roma yığmamızın vəziyyəti, durumu sərbəst güləş millimizdən qat-qat aşağıdır. Özüm də yunan-Roma güləşçisi olmuşam, baxıram, bu dünya çempionatında iki medal qazandıq, o da qeyri-olimpiya növündə. Düzdür, medal qazanan idmançıları təbrik edirəm, zəhmətləri var. Ancaq bu yarışlarda əsas rəqabət olimpiya çəkilərində gedir. Olimpiya proqramına düşən çəkilərdə yarışan yunan-Roma güləşçilərimizin heç birinin çıxışı ürəkaçan olmadı. İnanıram ki, qarşıdakı lisenziya xarakterli yarışlarda sərbəst güləşçilərimiz olimpiadada iştirakı təmin edəcəklər, bəs yunan-Romada bu necə olacaq, bundan çox narahatam.

- Haqlısız, ancaq bunun hesabatını kim verməlidir – baş məşqçi, yoxsa federasiya rəhbərliyi? Nəzər alaq ki, olimpiadaya yollanmaq üçün qarşıda iki şans qalıb.
- Bəli, qarşıda “Tokio-2020”yə vəsiqə verən dünya lisenziya turniri və qitə yarışı olacaq. Orada finala çıxan idmançılar olimpiadaya lisenziya qazanacaqlar. Ancaq yunan-Roma güləşində olimpiadaya lsienziya əldə etməmiş və bu çəkilərdə reytinqdə bizimkilərdən üstün olan idmançılar da var. Bunu nəzərə alanda bizim “yunan-roma”çılarımız məni çox qayğılandırır. Bunun cavabını komandanı çalışdıran məşqçilər verməlidirlər. Çünki bu idmançılara istər Gənclər və İdman nazirliyi, istərsə də federasiya tərəfindən lazım olan hər bir şərait yaradılıb.

- Son dünya çempionatında Estoniya, Qırğızıstan, Monqolustan kimi ölkələr 2 lisenziya qazandı. Hətta San Marino da vəsiqə əldə etdi. Amma güləş ölkəsi olan Azərbaycanın hər bir şərait yaradılmış idmançılarının cəmi 2 lisenziya qazanması...
- Adama elə təsir edən məqamlardan biri odur ki, bizdə idmançılar üçün hər bir şərait yaradılıb, adlarını çəkdiyiniz ölkələrdən geridə deyilik. Deməli, baş məşqçi istiqaməti düzgün götürməyib. Ya komandada nizam-intizam qaydasında deyil, ya da məşqçi hazırlıq proqramını düzgün tərtib etməyib.

- Ümumiyyətlə, son zamanlar federasiyada qəribə hadisələr yaşanır. Sərbəst güləş üzrə yığmamızın baş məşqçisi Saypulla Absaidovun müəmmalı şəkildə dünya çempionatına son anda getməməsi və.s. Bundan məlumatınız var, yəqin.
- Yığma dünya çempionatına gedəndə gördük ki, Saypulla Absaidov məşqlərdə yoxdur. Federasiyadan dediklərinə görə, Absaidov komandanı qoyub qaçıb. İndi gözləyirik, aydınlıq gətirsinlər görək, Absaidov nəyə və hansı səbəblərə görə komandanı qoyub qaçıb. Bu, federasiyanın daxili işidir, o qədər də müdaxilə etmək istəmirik. Biz Gənclər və İdman nazilriyi olaraq lazım olan dəstəyi veririk. Hansı məşqçinin, hansı idmançının daha uğurlu olacağını özləri yaxşı bilirlər. Biz qarışmaq istəmirik. Çünki praktikada da var belə bir şey.

- Amma bunun əks tərəfi də var, olimpiadada uğursuzluq yaşansa, cavabdeh qismində nazirlik ön planda olacaq.
- Bayaq da dediyim kimi, Gənclər və İdman nazirliyi olaraq bizim işimiz təlim-məşq toplanışlarını təşkil etmək, komandalarımızın yarışlara gedib-gəlməsi üçün lazım olan şəraiti yaratmaqdır. Ancaq məşq prosesinin qurulmasına, idmançının seçilməsi və.s. məsələlərə biz müdaxilə edə bilmərik. Bu, konkret olaraq federasiyanın daxili işidir. Biz üstümüzə düşəni artıqlamasıyla edirik. Federasiya da onlardan tələb olunan, gözləniləni verməlidir. Məncə, federasiya rəhbərliyi iclas keçirib bu uğursuzluğa aydınlıq gətirər. Olimpiadaya çox az vaxt qalıb.

- Yəqin ki, nazirlik olaraq siz hesabat tələb edəcəksiz.
- Təbii.

- Güləşçi Fərid Mansurov kimi cavabınız maraqlıdır, Hacı Əliyevin yerində siz olsaydız, o cür çılğın şəkildə reaksiya verərdiz, yoxsa necə?
- Mən Hacı Əliyevi yaxşı başa düşürəm. Neçə müddətdir canını qoyub bu yarışa hazırlaşıb. Və insan haqsızlıq görəndə artıq özündən çıxıb idarə olunmaz hala düşür. Biz indi sizinlə rahat, sakit şəkildə oturub emosiyasız danışırıq, müzakirə edirik. Düzdür, Hacının hakimlərə nəsə atmasına haqq qazandırmıram. Şəxsən məndən söhbət gedirsə, Hacının etdiyini etməzdim. Təbii ki, bu, insanın xarakterindən irəli gələn bir şeydir. Hacının haqqını yedilər, amma Hacı da emosiyalarını cilovlamalı idi. Ən azından peşəkar bir güləşçi, üçqat dünya çempionu kimi idmanın etik normalarına əməl etməlidir. Digər tərəfdən, bu görüşlərə baxanlar baxmayanlardan qat-qat azdır. İndi məsələn, kimlərsə deyəcək ki, Hacı dünya çemppionu idi, getdi, uduzdu, artıq məşq eləmir-filan.

- Azərbaycan güləşində nə baş verdi ki, həm “yunan-Roma”da, həm də “sərbəst”də əcnəbi məşqçilərə üstünlük verməyə başladıq? Elçin Cəfərov, Yaqub Məmmədov, Firdovsi Umudov və.s. məşqçilər pis işləyirdi ki?
- Bu sualı hər halda federasiyaya versəz, daha yaxşı olar. Təbii, bizim özümüzün yaxşı, olimpiya, dünya və Avropa çempionu verən məşqçilərimiz var. Sadəcə, bu, federasiya rəhbərliyinin özünün siyasətidir. Sərbəst güləşi deyə bilmərəm, amma bu gün yunan-Roma güləşçilərinin uğursuzluğu onu göstərir ki, komanda yaxşı vəziyyətdə deyil.

İlkin FİKRƏTOĞLU \ Elvin ƏHƏD

Xəbər Lenti