Millimiz 4-cü oldu - Cədvəl

28 İyul 2019 18:12 Olimpiya oyunları 873
Millimiz 4-cü oldu - Cədvəl

Avropanın 48 ölkəsindən 3900-dək atletin mübarizə apardığı “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı yeddigünlük maraqlı idman mübarizəsindən sonra iyulun 27-də başa çatdı.

Atletlər Bakıdakı 12 arenada idmanın on növü – idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında 135 dəst medal uğrunda mübarizə apardılar.

Sportinfo.az xəbər verir ki, festivalda qaliblər üçün nəzərdə tutulan 300 qızıl, 300 gümüş və 330 bürünc medal 38 ölkənin idmançıları tərəfindən qazanılıb.

Bu mötəbər yarışda 23 medal – 10 qızıl, 7 gümüş və 6 bürünc qazanan Azərbaycan millisi komanda hesabında dördüncü pillədə qərarlaşıb.

Medallardan 16-sını güləşçilərimiz qazanıblar. Pəhləvanlarımız 8 qızıl, 5 gümüş və 3 bürünc medala sahib olublar. Medalların sayına görə komandamızda ikinci yerdə cüdoçular qərarlaşıblar.

Cüdoçular ölkəmizin aktivinə 2 qızıl, 1 gümüş və 3 bürünc medal yazdırıblar. Komandamız idman gimnastikası yarışında isə 1 gümüş medala sahib olub.

Siyahıya aktivində 66 (28 qızıl, 17 gümüş və 21 bürünc) medal olan Rusiya komandası başçılıq edir.

Böyük Britaniya idmançıları 25 medalla (11 qızıl, 12 gümüş, 2 bürünc) ikinci, Türkiyə komandası isə 27 medalla (11 qızıl, 6 gümüş və 10 bürünc) üçüncü sırada qərarlaşıblar.

İlk onluqda İtaliya (8-9-9), Ukrayna (8-7-10), İspaniya (7-4-10), Fransa (6-8-14), Polşa (6-3-6), Belarus (6-2-6) yığmaları yer alıblar.

Medal qazanan digər ölkələr isə aşağıdakılardır: Rumıniya (4-10-5), Almaniya (4-7-15), Xorvatiya (4-1-0), İsveç (3-1-2), Estoniya (3-0-2), Hollandiya (2-3-4), Finlandiya (2-3-1), Çexiya (2-1-3), İrlandiya (2-0-2), Norveç (1-6-2), Gürcüstan (1-5-7), Danimarka (1-1-3), Bolqarıstan (1-1-0), Kipr (1-0-2), İsrail (1-0-1), Kosovo (1-0-0), Avstriya (1-0-0), Macarıstan (0-9-12), Belçika (0-5-2), İsveçrə (0-2-2), Moldova (0-1-4), Yunanıstan (0-1-3), Serbiya (0-1-3), Portuqaliya (0-1-0), Litva (0-1-0), Latviya (0-0-1), Slovakiya (0-0-1) və Sloveniya (0-0-1).

XVI Avropa Gənclər Olimpiya Festivalı 2021-ci ildə Slovakiyanın Banska Bistritsa şəhərində keçiriləcək.

Xəbər Lenti