Prezident birinci yeri tutanlara 10 min ayırdı - Sərəncam

31 İyul 2019 10:12 Olimpiya oyunları 826
Prezident birinci yeri tutanlara 10 min ayırdı - Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında Sərəncam imzalayıb.

Sportinfo.az xəbər verir ki, Sərəncama əsasən, festivalda birinci yeri tutan hər bir idmançıya 10 min, onun şəxsi məşqçisinə 5 min manat məbləğində mükafat veriləcək.

Bundan başqa, ikinci yeri tutan hər bir idmançıya 7 min manat, onun şəxsi məşqçisinə 3,5 min manat, üçüncü yeri tutan hər bir idmançıya 5 min manat, onun şəxsi məşqçisinə isə 2,5 min manat məbləğində mükafat müəyyən edilib.

Komandanın baş məşqçisinə ən yüksək nəticə göstərmiş bir idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə) mükafat veriləcək.

Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan komandası 23 medal – 10 qızıl, 7 gümüş və 6 bürünc qazanaraq komanda hesabında dördüncü pillədə qərarlaşıb.

Medallardan 16-sını güləşçilərimiz qazanıblar. Pəhləvanlarımız 8 qızıl, 5 gümüş və 3 bürünc medala sahib olublar.

Medalların sayına görə komandamızda ikinci yerdə cüdoçular qərarlaşıblar.

Cüdoçular ölkəmizin aktivinə 2 qızıl, 1 gümüş və 3 bürünc medal yazdırıblar. Komandamız idman gimnastikası yarışında isə 1 gümüş medala sahib olub.

Xəbər Lenti