Ötən mövsümün başa çatmasından bir aydan çox vaxt keçib.
“Neftçi” sonuncu oyununu mayın 25-də keçirib və həmin gün futbolçular istirahətə buraxılıb.
Klub rəhbərliyindəki dəyişikliklərin nəticəsi 2-3 gün əvvəl ictimaiyyətə açıqlandığı halda, yeni baş məşqçinin kimliyi haqda məlumat verilmir. Daha doğrusu, komanda faktiki baş məşqçisizdir.
Sözsüz, bu yöndə işlər aparılır və çox güman həmin şəxslə razılığa da gəlinib. Qalır Bakıya gəlib müqaviləyə qol çəkməsi və işə başlaması. Bunun özü də bir neçə gün, bəlkə də bir həftə deməkdir.
“Ağ-qaralar” yeni mövsümün hazırlığına ən yaxşı halda iyulun ilk günlərində başlayacaq. Premyer Liqanın növbəti mövsümünün startı isə avqustun ilk həftəsi üçün nəzərdə tutulub. Yeni gələn baş məşqçinin ixtiyarında vur-tut 1 ay vaxt olacaq.
Deməli, Miodraq Bojoviçin sələfi 4-5 həftə ərzində istirahətdən qayıdan futbolçuların fiziki durumunun qaydasına salınmasına çalışmalı, yeni gələcək futbolçuların kollektivə uyğunlaşmasına nail olmalı, futbol fəlsəfəsini kollektivə aşılamalı, sərəncamında olanları yoldaşlıq görüşlərində izləməlidir. Yəni sıfırdan başlayan adamın ixtiyarında cəmi 1 ay vaxt olacaq.
Möcüzə baş versə belə, “Neftçi” qısa müddətdə ideal formada olmayacaq. Ən güclü mütəxəssis də gəlsə, ona azı 2 ay vaxt lazımdır. Belə olduğu halda bakılıların mövsümün ilk oyunlarında xallar itirməsi qaçılmazdır.
Xallar itirildikcə komandadakı ab-havanı səhmana salmaq salmaq çətinləşəcək, “Neftçi” turnir cədvəlində arzuladığı yerdən uzaqlaşacaq. Sonrası isə məlumdur.
“Ağ-qaralar” hazırda real təhlükə ilə üz-üzədir. Futbol dahisi olmasaq da, bu cür prosesləri illərdir görən adam kimi təhlükənin qapıda olduğunu deyə bilərik.
Təki gümanımızda yanılaq, amma gedişat ona doğru aparır.
HƏBİB / SPORTİNFO.AZ

