"Neftçi" ən qısa zamanda yeni baş məşqçisinin adını açıqlayacaq.
Sportinfo.az bu barədə paytaxt klubundan məlumat əldə edib.
Redaksiyamıza verilən məlumata görə, hazırda bu posta iki real namizəd var. Onların ikisi də əcnəbidir.
Təsdiq olunub ki, Henninq Berqin sükan arxasına keçmək ehtimalı yüksəkdir. Müşahidə Şurası bu gün, uzağı sabah bu məqsədlə yığışacaq və norveçli mütəxəssisin Miodraq Bojoviçin əvəzləyicisi olub-olmayacağına dair yekun qərarı verəcək.
Futbolçu karyerasına ölkəsində - “Volerenqa” da başlayan 54 yaşlı mütəxəssis 3 il bu klubun şərəfini qoruduqdan sonra "Lillestrom"a transfer olunub.
Uğurlu çıxışı ilə diqqətləri üzərinə çəkən Berq daha sonra İngiltərədə “Blekbern” ilə müqavilə bağlayıb.
4 il ərzində əsas sağ cinah müdafiəçisinə çevrilən Berq 1997-ci ildə həmin vaxt rekord məbləğ sayılan 5 milyon funt sterlinqə “Mançester Yunayted”ə transfer olunub.
O, “qırmızı şeytanlar”la iki dəfə ölkə çempionatının (1999, 2000), İngiltərə Liqa Kubokunun və Çempionlar Liqasının (1999) qalibi olub.
Mütəmadi olaraq Norveç milli komandasına da dəvət alan Berq yığmanın heyətində 100 oyun keçirib və 9 qarşılaşmada fərqlənməyi bacarıb.
Baş məşqçi karyerası da uğurlu olan Berq çalışdırdığı ”Omoniya” klubu ilə ölkə çempionu (2020/2021) və Kipr Superkubokunun qalibi (2021/2022) adını qazanıb.
O, Kipr təmsilçisini 2 dəfə avrokubokların qrup mərhələsinə çıxarmağa nail olub.
Bundan başqa, Berq 2013/2014 mövsümündə Polşanın ”Leqiya” klubu ilə çempionluq sevinci yaşayıb. Bir il sonra bu klubla Polşa Kubokunun sahibi olub.
H.Berq son olaraq 2023/2024 mövsmündə İsveçdə AİK-i çalışdırıb.

