
Yeni mövsümün startını böyük səbirsizliklə gözləyən «Neftçi»dən maraqlı hadisələr baş verir.
Klub rəhbərliyinin bir qrup azarkeşlə görüşü də bu qəbildəəndir.
Bu haqda paytaxt təmsilçisindən redaksiyamıza məlumat daxil olub. Bildirilib ki, görüşdə 15-ə yaxın fanat iştirak edib.
Müşahidə Şurasının bəzi üzvlərinin də qatıldığı toplantı bir neçə saat sürüb.
Tərəfdarlar komandanın avrokuboklardan kənarda qalmasından, idarəetmə sistemindən, Adrian Mutu və Miodraq Bojoviçdən, son 1 ildə gəlib-getmiş futbolçulardan şikayətlənib.
Həmçinin mediadan gileyləniblər. Mətbuatın «Neftçi»yə münasibətinin qeyri-adekvat olmasını iddia ediblər.
Yönətimdə təmsil olunan şəxslər bir çox məsələlərdə azarkeşlərə haqq qazandırıb, sadalanan problemlərin onları da narahat etməsini diqqətə çatdırıblar.
Bununla belə, söz veriblər ki, artıq «Neftçi»nin həyatında yeni mərhələ başlayır, islahatlar sürətlə gedəcək.
Əminliklə deyiblər ki, tezliklə hər şey yaxşı olacaq, sadəcə, komandaya dəstəyi artırmaq lazımdır.
SPORTİNFO.AZ