
Xəbər verdiyimiz kimi, "Neftçi" sabiq qapıçısı Səlahət Ağayev ilə anlaşıb.
Hazırda komandanın düşərgəsində olan Ağayev ilə 1+1 illik müqavilə bağlanması nəzərdə tutulub.
33 yaşlı qolkiperin geridönüşü azarkeşlər tərəfindən xoş qarşılanmayıb.
Milli üzvünün qayıdışına narazılıq edənlərin əsası isə bir neçə il əvvəl baş vermiş hadisəyə söykənir.
Konkretləşdirsək söhbət 2022-ci ilin fevral ayında Azərbaycan kubokunun 1/4 finalının cavab görüşləri çərçivəsində keçirilən "Sabah" - "Neftçi" matçında başverənlərdən gedir.
Həmin dönəm "tələbələr"in formasını geyinən Ağayev qarşılaşmanın 75-ci dəqiqəsində Voislav Stankoviçə zərbə endirdiyinə görə qırmızı vərəqə alaraq meydanı tərk edib.
Bundan sonra "Forza Neftçi"nin üzvləri "Neftçinin çörəyi haramın olsun", - deyə şüarlar səsləndirib. Meydanı tərk edən Səlahət isə onlara orta barmağını göstərib.
Yaşananları unutmayan klubun ən böyük azarkeş səhifəsi olan "Neftçi Fan Page" hətta rəhbərliyə çağrış edib:
"Neftçi"yə, onun formasına, azarkeşinə hörmət etməyən kimsə bu kluba layiq ola bilməz. Bu adamı gətirən adamlar da, ən azı onun qədər bu kluba, azarkeşə hörmətsizlik edən şəxslər olacaqlar.
Yüz ölçüb, bir biçin bəylər. "Neftçi"nin tarixi formasını qaytaran, "Neftçi"nin yenidən əvvəlki əzəmətini qaytarmağa çalışan rəhbərlik bu adamı gətirməməlidir.
Bu adam "Neftçi"ni haqq etmir. "Neftçi"nin çörəyi haram olsun" şüarı indi rəhbərliyə də aiddir.
Bu adamı bu kluba gətirən hər kim(lər)dirsə o adama da bu klubun çörəyi haram olsun!
Özü də min dəfə! Bizim dəyərimizin formasını bu kluba hörmət etməyən idarəçi də, oyunçu da, qapıçı da geyinə bilməz. Bu qədər!".
XANOĞLAN / SPORTİNFO.AZ