Roman Qriqarçukun "Neftçi"yə təyinatından 2 həftə vaxt ötür.
Onun gəlişi "ağ qaralar"ın tərəfdarlarında gələcəyə böyük inam yaradıb.
Təbii ki, bunun nə qədər özünü doğruldacağını gələcəkdəki nəticələr deyəcək.
Təcrübəli mütəxəssis hələ də öz komandasını tam formalaşdırmayıb.
Bir rəsmi matç belə keçirməyib. O, mövcud heyəti təxminən 10-12 məşqə çıxarıb.
Və bu da yetərli olub ki, 59 yaşlı çalışdırıcı özü haqqında səslənən müsbət fikirlərin boşuna olmadığını əyani göstərə bilsin.
Bunu biz yox, klubun daxilində olanlar deyir.
Həmsöhbət olduğumuz klub rəsmiləri, futbolçular və texniki heyət ukraynalı mütəxəssisdən ağızdolusu danışır.
Qriqarçuk təkcə meydanda yox, məşqdən kənardakı yanaşması ilə də diqqət çəkir.
Qısa müddətdə nizam-intizam ən üst səviyyəyə gətirilib.
Peşəkar yanaşma hər addımda hiss edilir.
Qısası, çox qısa müddətdə legioner məşqçi ötən mövsümkü uğursuzluqdan sonra psixoloji durumu yerində olmayan kollektivə özgüvən gətirə bilib.
Hər kəsin ona böyük inamı var.
Bu gün "Neftçi" cəbhəsi son illər heç vaxt olmadığı qədər yeni mövsümə ümidlidir. Gözləyək...
XANOĞLAN İMANOV

