Miodraq Bojoviçin gedişindən sonra “Neftçi”də baş məşqçi postu hələ də boş qalıb.
“Sükan” arxasına əcnəbi mütəxəssisin gətiriləcəyi dəqiqdir.
Hazırda bu yöndə işlərin aparıldığı deyilir. Namizədlərin arasında Roman Qriqorçukun adının olması təsadüfi deyil.
Vaxtilə ölkəmizdə çalışmış ukraynalı çalışdırıcı “Qəbələ”ni iki dəfə Avropa Liqasının qrup mərhələsinə daşıyıb, çempionluq uğrunda “Qarabağ”la sona qədər mübarizə aparıb və ən əsası Azərbaycan futboluna yaxından bələddir.
Odur ki, Qriqorçukun namizədliyi müəyyən mənada anlaşılandır.
Xəbərin doğruluğunu yoxlamaq, yenidən Azərbaycanda çalışmaq istəyini öyrənmək üçün Odessa “Çernomorets”ini çalışdıran Roman İosifoviçlə əlaqə saxladıq.
Təcrübəli çalışdırıcı məlumatı nə təkzib, nə də təsdiq etdi:
“Bildiyimə görə, Azərbaycanda Qurban bayramı qeyd olunur. Bu münasibətlə xalqınızı təbrik edirəm, canınız sağlam olsun deyirəm.
Azərbaycanda çalışan jurnalistlərə və ümumi futbol camiəsinə böyük hörmətim var. Amma “Neftçi”ylə bağlı sualınıza ənənəmə sadiq qalaraq cavab verəcəm: “Şərhsiz”.
HƏBİB / SPORTİNFO.AZ

