“İnşallah, “Neftçi”də işləmək mənə qismət olar".
Bu sözləri Sportinfo.az-a açıqlamasında türkiyəli məşqçi Murat Şahin deyib.
Dünən xəbər verdiyimiz kimi, “Neftçi”nin yeni baş məşqçisi Murat Şahin ola bilər. Mayın sonunda Miodraq Bojoviçlə vidalaşan Bakı təmsilçisi türkiyəli mütəxəssislə danışıqlar aparır.
Onun namizədliyi Ceng Süner tərəfindən irəli sürülüb.
“Neftçi”nin baş icraçı direktoru postunu tutması gözlənilən türkiyəli funksioner “Beşiktaş”dan yaxşı tanıdğı Murat Şahini “ağ-qaralar”ın rəhbərliyinə təklif eləyib.
O, adını çəkdiyimiz məşqçinin “Neftçi”ni iddialı hala gətirəcəyinə, çempionluq uğrunda rəqabətə hazırlaya biləcəyinə dair zəmanət verib.
48 yaşlı M.Şahin indiyədək baş məşqçi olaraq sərbəst çalışmayıb. Türkiyədə Sergen Yalçının əsas yardımçısı kimi tanınıb.
Keçmiş qapıçı indiyədək “Eyüpspor”, “Qaziantepspor”, “Sivasspor”, “Kayserispor”, “Eskişehirspor”, “Konyaspor”, “Alanyaspor”, “Yeni Malatyaspor” və “Beşiktaş”da fəaliyyət göstərib.
Murat Şahin deyib ki, Bakıdan xəbər gözləyir:
"Bəli, Cenk bəy “Neftçi” ilə anlaşdı. Mən də oradan xəbər gözləyirəm.
Xeyirlisi nədirsə, o da olsun. "Neftçi"də çalışmağa, böyük işlər görməyə hazırıq.
"Neftçi" çox böyük camiədir. Bu klub haqda artıq kifayət qədər bilgim var.
Yəqin ki, yaxın günlərdə bütün suallara aydınlıq gələcək”.

