"Neftçi" üçün "Şamaxı" və "Qəbələ" NÜMUNƏSİ

18 İyun 2024 21:40 Neftçi 1 919
"Neftçi" üçün "Şamaxı" və "Qəbələ" NÜMUNƏSİ

Mövsüm başa çatandan sonra - 28 may tarixində "Turan Tovuz" Ayxan Abbasovla yolları ayırdı. Və cəmi 14 gün sonra boşalan postun Kurban Berdiyevə həvalə olunacağı dəqiqləşdi.

Birinci Liqanın çempionu "Şamaxı" 2 iyunda baş məşqçi Ramiz Məmmədovla yolların ayrıldığını elan etdi. Cəmi 11 gün sonra Şamaxı təmsilçisi yeni baş məşqçi kimi Ayxan Abbasovu ictimaiyyətə təqdim etdi.

Premyer Liqanı tərk edəcəyi həftələr əvvəl dəqiqləşən "Qəbələ" çempionat başa çatandan cəmi 2 gün sonra baş məçqçi Kaxaber Tsxadadze ilə 3 illik yeni anlaşma imzalayaraq Birinci Liqada hədəflərinin çempion olacağını əyani bəlli etmiş oldu.

Və bir də baş məşqçi postu boşalan "Neftçi"miz var.

23 gündü Miodraq Bojoviç komandadan göndərilib. Amma yerinə təyinat yoxdur.

"Neftçi" rəhbərliyində bu qədər arxayınlıq nədən irəli gəlir?

Buna məsuliyyətsizlik, səriştəsizlik də deyə bilərik.

Ölkənin ən köklü klubu özünü yeni yaranan həvəskar komanda kimi aparır.

Elitanı tərk edən "Qəbələ" qısa müddətdə əcnəbi mütəxəssislə 3 illik anlaşma imzalamaqla hədəflərini ortaya qoyur.

Ayxan Abbasovun gedişindən sonra anarxıya hökm sürən "Turan" rəsmiləri də qısa müddətdə məşqçi seçimini edə bilir.

Aşağı liqadan gələn, sıfır büdcəyə sahib (Dövlətin ayırdığı 3 milyon dotasiya AFFA tərəfindən klubun hesabın sentyabrdan köçürülməyə başlanacaq) "Şamaxı" təcrübəli mütəxəssislə dil tapır, heyətin formalaşmasına start verir.

Amma milyonların havaya sovrulduğu "Neftçi"də sükut davam edir.

Cənəblar, belə qeyri-peşəkarlıqla klub idarə etmək olmaz. "Neftçi" adlı klubu isə heç olmaz.

Sanki "ağ qaralar"ın rəhbərliyində bir qrup "bəxtəvər" dəstə oturub.

Hər il məşqçi və ya Fərrux Mahmudov, Ceyhun Sultanov kimi klub funksionerləri uğursuzluğun səbəbkarları kimi xərclənir. Onlar isə öz kreslolarında xan kefi çəkə-çəkə azarkeşlərə daha sanballı komanda qurulacağını vəd edirlər.

İllər su kimi axıb gedir, amma biz həmin "Neftçi"dən bir əlamət görmürük.

Görünür, belə idarəçiliklə "ağ qaralar"ın günü hələ uzun müddət qara keçməklə davam edəcək.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti