COP29

“Neftçi”nin ən böyük sıxıntısı - Həqiqətənmi heç kim görmür?

10 İyun 07:57 Neftçi 1 234
“Neftçi”nin ən böyük sıxıntısı - Həqiqətənmi heç kim görmür?

Fikir verirsiniz, eyni hal yaşanır.

Ötən yay, ondan öncəki yay necəydisə, bu gün də elədir. Dəyişən heç nə yoxdur.

2022-ci ilin mayında mövsüm başa çatan kimi “Neftçi”nin baş məşqçisi Samir Abasov yola salınmış, iyunun 12-də Laurentsiu Regekampf görəvə gətirilmişdi.

2023-cü ilin iyununda həmin Regekampfa qapı göstərilmiş, iyulda Adrian Mutu ilə yollar ayrılmışdı, dekabrda məşhur rumının boşaltdığı posta Miodraq Bojoviç gətirilmişdi.

Bu il çempionat yekunlaşan kimi Bojoviç yola salındı və təxminən iki həftə keçməsinə baxmayaraq, baş məşqçi postu boş qalıb.

Bir daha əmin olursan ki, “Neftçi”də sistem, skautinq, rəhbərlik anlayışı yoxdur. Olsaydı, komanda indiyə qədər hansısa mütəxəssisə tapşırılardı. Axı Bojoviçin “ağ-qaralar” üçün yararsız olduğu indi yox, aylar öncədən bilinirdi.

Deməli, “Neftçi” həlledici oyunda “Sabah”a qalib gələrək avrokuboklara vəsiqə qazansaydı, Bojoviç postunda saxlanılacaq, fiasko davam edəcəkdi.

Belə deyilsə, klubda özünü rəhbər gözündə görən 5-10 nəfərlik dəstə martdan maya qədər hara baxırdı? Nəyi və kimi gözləyirdi? Miodraqın boşaldacağı posta namizədlər niyə vaxtında müəyyənləşmirdi.

Həqiqətənmi ötən illərdə yol verilən səhvlərdən nəticə çıxarmaq bu cür çətindir. Eyni senarini davam etdirmək - hər ilin yayında komandanı yeniləmək, təyinatları vaxtında gerçəkləşdirməmək sanki kim(lər)insə xüsusi tapşırığıdır və kim(lər)əsə sərf edir.

“Neftçi” səviyyəsində klub bu şəkildə idarə edilməməlidir. Klubun başında oturanlar hər vəziyyətə vaxtında hazır olmalı və çıxış yolları tapmalıdırlar. İşə bazar alverçisi təfəkkürü ilə yanaşmağın nəticəsi mövsümün sonunda özünü açıq şəkildə göstərdi.

Bundan sonra kim gələcək, nə vaxt gələcək, istədiyi komandanı formalaşdırmaq üçün futbolçuları necə və haradan tapacaq, hər biri ayrı-ayrılıqda söhbət mövzusudur.

Gecikirsiniz, bəylər. Yox, plan hər il eyni üsluba söykənib “Neftçi”ni məhv etməkdirsə, bu, başqa məsələ.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti